Türkiyə Afrində əməliyyata başlayır

Türkiyə Afrində əməliyyata başlayır
19 Yanvar 2018
Mətni dəyiş

Türkiyə Suriyanın Afrin regionunda ABŞ-ın dəstəklədiyi kürd yaraqlılara qarşı hərbi əməliyyata başlayıb.

Bunu ölkənin müdafiə naziri Nurettin Canikli deyib.

Nazirin sözlərinə görə, Ankaranın hazırlaşdığı hərbi əməliyyat yanvarın 19-da “de fakto” başlanıb, Türkiyə daxilindəki qüvvələr sərhəd boyunca artilleriya atəşi gerçəkləşdirib.

Canikli deyir, Ankaranın “başqa variantı” yox idi və Suriyanın şimalını, Türkiyənin sərhədini “bütün terrorçu elementlərdən təmizləməlidir”.

Onun deməsinə görə, Ankarayla Moskva hərbi əməliyyatlar bağlı danışıqları “davam etdirəcəklər”.

ABŞ-ın Suriyada dəstəklədiyi YPG kürd qruplaşması da türk qüvvələrinin yanvarın 19-na keçən gecə Suriyanın Afrin regionunu artilleriya atəşinə tutduğunu təsdiqləyib.

Sözçünün deməsinə görə, Türkiyə kürd kəndlərini hədəfə alıb və YPG döyüşçüləri Afrinə hər hansı hücuma “var qüvvəylə cavab verəcək”.

Bir gün öncə Türkiyənin xarici işlər naziri Mevlult CavusogluAnkaranın Afrin üzərində hava əməliyyatlarına Moskva və Tehranla koordinasiya edəcəyini açıqlayıb.

Türkiyənin Anadolu dövlət xəbər agentliyi yanvarın 18-də yazıb ki, ölkənin təhlükəsizlik qüvvələrinə Afrin və Münbiçə müdaxiləyə hazırlaşmaq əmri verilib.

ERDOGAN “TERROR ORDUSU”NDAN DANIŞIRDI

Anadolu onu da xəbər verirdi ki, yanvarın 17-də axşam prezident Recep Tayyip Erdogan-ın başçılığıyla Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib və qərar verilib ki, Türkiyə Suriyanın qərbindən gələn hədələrdən qorunmaqdan ötrü “dərhal və qətiyyətli” addım atmalıdır. Erdogan yanvarın 15-də Birləşmiş Ştatların Türkiyə-Suriya sərhədində yaratmaq istədiyi qüvvələri, özünün dediyi kimi, “terror ordusu”nu dağıtmaqla hədələyib.

Ankara Vaşinqtonun Suriyada İslam Dövləti (İŞİD) yaraqlıları ilə savaşan Kürd Xalq Mühafizə Birliyi (YPG) ilə müttəfiqliyindən narazıdır və YPG-ni terror təşkilatı sayır.

Suriyadakı ABŞ koalisiyası yanvarın 14-də bildirib ki, Vaşinqton Suriyada 30 minlik sərhəd qüvvəsinin yaradılmasına kömək edəcək və bu qüvvələrə YPG də daxil olacaq.

Bu bəyanatdan bir gün öncə ABŞ-ın dövlət katibi Rex Tillerson-un deməsinə görə, yanvarın 17-də Cavusoglu-na deyib ki, “durum bütünlükdə yanlış təsvir olunub”, “yanlış danışan bəzi adamlar yanlış təsvir edib”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Suriyada yerli elementlərə təlim keçməyi planlaşdırır – yeni sərhəd qüvvəsi yaratmağı deyil.

Amma Cavusoglu yanvarın 18-də qeyd edib ki, Ankara Tillerson-un izahından “tam razı qalmayıb” və Türkiyənin Vaşinqtona “inamsızlığ”ı qalmaqdadır.

Cavusoglu vurğulayıb ki, Ankara Birləşmiş Ştatlardan “terrorçu qruplar”la əməkdaşlığı bitirmək yönündə “konkret addımlar” gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun