"The Independent" qəzetinin yazdğına görə, Ağ Ev rəsmiləri inanırlar ki, Trump-ın Rusiya ilə mümkün sövdələşməyə girib-girmədiyini araşdıran təhqiqat prezidentin maliyyə məsələlərinin yaxınlığına gedən kimi onun prezidentliyinə son qoyulacaq.
Michael Wolff-un Trump-ı rüsvay edən "Atəş və qəzəb" kitabında deyilir ki, Ağ Ev rəsmiləri cənab Trump-ın seçkidə qələbə qazanmaq üçün Moskva ilə sövdələşməyə girmədiyini düşünürlər.
Amma digər tərəfdən bu rəsmilərin fikrincə, təhqiqat prezidentin maliyyə məsələlərini araşdırmağa başlasa, onun mövqeyi ölümcül şəkildə laxlayacaq.
"Ağ Evdəkilər onun Rusiya ilə sövdələşməyə girdiyinə inanmırlar, - cənab Wolff CNBC telekanalının Squawk Box proqramına deyib , - Lakin onlar düşünürlər ki, təhqiqat onun maliyyə işlərini araşdırsa, Trump batacaq..."
Bu qeydlərdən bir qədər əvvəl yayılan xəbərlərdə deyilirdi ki, hələ dekabr ayında Deutsche Bank cənab Trump-ın yaxın ətrafının bank məlumatlarını Rusiyanın seçkiyə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-ə təqdim edib.
Deutsche Bank özünün Rusiya oliqarxları və Moskva ilə əlaqələrinə görə tanınır.
Bu xəbərlər onu göstərir ki, cənab Mueller heç şübhəsiz Trump-ın yaxın çevrəsinin maliyyələrini araşdırmağa başlayıb.
Ötən il "The New York Times" qəzetinin "əgər Mueller Rusiya ilə münasibətlərdən başqa həm də onun ailəsinin maliyyəsini araşdırarsa, bu, qırmızı xətt ola bilərmi" sualına Trump "Mən deyərdim ki, bəli, bu məncə, qanunun pozulması olardı" cavabını vermişdi.
Cənab Trump hələ indiyədək ailə biznesinin üzərindəki məxfiliyin üstünü açmayıb və vergi sənədlərini açmaq istəmir. Bütün başqa prezidentlər bunu ediblər.
Donald Trump 2016-cı il ABŞ seçkisi zamanı ruslarla hər hansı sövdələşməyə girdiyi barədə iddiaları dəfələrlə rədd edib və bunu "əcinnə ovu" adlandırıb.
"Atəş və qəzəb" kitabının işıq üzü gördüyü gün Trump onun müəllifini "tam bir əfəl" adlandırmış və kitabdakıların "tam yalan" olduğunu demişdi.
Cənab Wolff çərşənbə axşamı CNBC-yə müsahibəsində kitabını müdafiəı edib və deyib ki, yazdıqlarına tam cavabdehlik daşıyır.
"Mən bu kitabdakıların hər cümləsi barədə əminəm" - Wolff deyib.
Rusiya Suriyadakı bazalarına hücumu Türkiyədən görür?
"Business Insider" saytının yazdığına görə, Rusiya hərbiyyəsi çərşənbə günü bildirib ki, bu yaxınlarda onun Suriyadakı Hmeymim hərbi hava və Tartusdakı hərbi dəniz bazalarına 13 dronla hücumu Türkiyənin dəstəklədiyi qiyamçılar həyata keçiriblər.
Rusiyanın RT telekanalı bildirib ki, "Rusiyanın Suriyadakı bazalarına son dron hücumları İdlib yaxınlığında Türkiyə tərəfindən dəstəklənən qiyamçı qüvvələrin nəzarətində olan ərazidən edilib".
Bu da xəbər verilir ki, Moskva bu hadisə ilə bağlı şikayətlərini Türkiyəyə bildirib. Bəzi məlumatlara görə, hərbi bazalara dron hücumu yanvarın 5-dən 6-na keçən gecə həyata keçirilib.
Rusiya hərbiyyəsi bildirir ki, hücumlar Suriyanın İdlib regionundakı Müəzzəra məntəqəsindən qaynaqlanıb.
Son həftə ərzində Rusiya və Suriya İdlib əyalətinin bombardmanını intensivləşdiriblər. Bu bombardmanlar nəticəsində çox sayda mülki şəxsin həlak olduğu bildirilir. Rusiya prezidenti Vladimir Putinin ötən ilin sonunda Suriyada qələbə elan etməsinə baxmayaraq İŞİD İdlib vilayətinin müəyyən hissələrini yenidən ələ keçirib.
Məqalədə deyilir ki, Rusiyanın Türkiyəni ittiham etməsi maraqlı görünür, çünki son bir il ərzində Moskva və Ankara qarşılıqlı münasibətlərini xeyli yaxşılaşdırmışdılar.
"Biz bəzən paytaxtlarda oturan hökumətlərin dəstəklədikləri qiyamçı qruplaşmalar üzərindəki nəzarətinin dərəcəsini şişirdirik, - "Business Insider" saytına CNA araşdırma mərkəzinin eksperti Dmitri Qorenburq deyib, - ABŞ-la münasibətlərinin çox pis olması nəzərə alınarsa, belə bir şəraitdə çətin ki, Türkiyə Rusiyaya arxa çevirsin".
Buna baxmayaraq, özünün Suriyadakı hərbi bazalarına dron hücumuna görə əvvəlcə ABŞ-ı ittiham edən Rusiya indi tənqid hədəfini Türkiyənin üzərinə keçirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Hmeymim və Tartus bazalarına dron hücumunun əlaqələndirilməsinə ABŞ-ın dəstək verdiyini deyirdi.
Rusiya MN bunu da əlavə edirdi ki, bu dron hücumları ilə eyni vaxtda ABŞ-ın kəşfiyyat təyyarəsi də Suriya üzərində uçurdu. Moskvanın qənaətinə görə, dronların hərəkəti bu təyyarədən idarə olunub.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Eric Pahon "Business Insider" saytına deyib ki, "Rusiyanın bazalarına ABŞ və ya hər hansı başqa koalisiya üzvünün hücum etdiyini söyləmək ən azı məsuliyyətsizlikdir". O deyib ki, bu iddialar tamamilə cəfəngiyyatdır.
Qorenburq isə deyib ki, "bu super mükəmməl hücum deyildi" və bazalar üzərinə belə hücumu qiyamçıların özləri də, kənar dəstək olmadan həyata keçirə bilərdilər.
Doğrudan da, Rusiya Müdafiə Nazirliyinin yaydığı fotolardan dronların taxta parçalarından düzəldildiyi və onlara bağlanmış partladıcıların bəsit olduğu görünür.
"Mənim qənaətim budur ki, Rusiya, sadəcə olaraq bu hücumdan pərtlik yaşayır və buna görə də Müdafiə Nazirliyi hücumu hansısa "böyük dövlətin" ayağına yazmağa çalışıb.
Bu hücum üçün heç bir qruplaşmanın məsuliyyəti öz üzərinə götürməməsi də qəribə görünür.
Arıqlamaq istəyən...çox yatmalıdır?
"The Telegraph" yazır ki, hər gün yataqda əlavə olaraq 90 dəqiqə keçirmək çəki itirməyin ən ağlabatan yolu kimi görünməyə də bilər, lakin yeni araşdırmaya görə bu, məhz belədir.
Londondakı King's College Universitetinin alimləri bu nəticəyə gəliblər ki, daha uzun müddətdə yatan adamların şəkərli qidalara və başqa karbohidratlara meyilli olma ehtimalı azdır.
Əksinə, yuxusuzluq piylənmənin əsas risklərindən biri sayılır, çünki bu hal iştahanı tənzimləyən hormonları dəyişir.
Yeni araşdırma göstərib ki, bir həftə ərzində hər gün yataqda 90 dəqiqə artıq qalanlar təbii olaraq daha sağlam qidalanmaya meyillənir və hər gün 10 qramadək daha az şəkər qəbul edirlər.
Tədqiqatın rəhbəri, universitetin Qidalanma Elmələri bölməsinin professoru Wendy Hall deyir ki, "müddəti uzadlılmış yuxu sərbəst şəkərlərin qəbulunu azaldır".
Professor burada sərbəst şəkərlər dedikdə, qida sənayesinin yeyinti məmulatlarına qatdığı şəkərdən söhbət getdiyini izah edir.
Bu təcrübə zamanı 21 könüllüyə tapşırılıb ki, onlar normal 7 saatdan çox yatmağa çalışsınlar, yatmağa getməzdən əvvəl qidalanmadan imtina etsinlər və hər axşan eyni vaxtda yatağa uzansınlar. Bu könüllülər bir həftənin ərzində 90 dəqiqəyədək artıq yatmaq kimi vərdiş qazana biliblər.
Təcrübədə iştirak edənlərə həm də gündəlik tutmaq tapşırılmışdı. Bu gündəliklərdən bəlli olub ki, yuxu müddətini uzadanlar daha az şəkər və karbohidrat yeməyə ehtiyac duyublar. Əksinə, adi qaydasında yaşamaqda davam edən nəzarət qrupunda bu dəyişiklik qeydə alınmayıb.
Araşdırma qrupuna daxil Haya əl-Xatib deyib ki, "biz bu təcrübə ilə həm də normal yuxu əldə etməyin asan məsələ olduğunu göstərmişik".
Bu araşdırmanın nəticələri "American Journal of Clinical Nutrition" məcmuəsində dərc olunub.