ABŞ prezidenti Donald Trump sülh danışıqlarına qatılmağı qəbul etmədikləri təqdirdə fələstinlilərə yardımı dayandıracağı ilə hədələyib.
Dövlət departamenti onun iqtisadi və təhlükəsizlik yardımlarından bəhs etdiyini təsdiqləyib.
Cənab Trump fələstinliləri ABŞ-a "hörmətsizlik" etməkdə günahlandırıb və deyib:
"Onlar bizim üçün heç nə etmirsə, niyə biz onlar üçün nəsə etməliyik?"
Fələstinlilər ABŞ-ı sülh danışıqlarında neytral bir vasitə kimi rədd edirlər. Onlar Vaşinqtonun ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı mübahisəli qərarına qəzəblənirlər.
Keçmiş fələstinli vasitəçi Saeb Erekat ABŞ prezidentinin son şərhlərini izah edərkən deyib ki, "Trump pulla çox şeyi ala bilər, amma millətimizin ləyaqətini ala bilməyəcək."
İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumunda çıxış edən cənab Trump ABŞ-ın fələstinlilərə ildə "yüz milyonlarla dollar yardım və dəstək" verdiyini söyləyib.
O, Fələstin rəhbərliyini həftə əvvəlində görüşməkdən imtina etməklə "böyük vitse prezident Mike Pence-ə" hörmətsizlik etməkdə ittiham edib.
Və Trump yardım məsələsini sülh prosesinə birləşdirən ilk ABŞ prezidenti olduğunu da söyləyib.
ABŞ bu ayın əvvəlində fələstinli qaçqınlara dəstək verən BMT agentliyinə ayırdığı məbləğin təxminən yarısını, yəni 65 milyon dollarını dayandırıb.
2016-cı ildə ABŞ-ın Fələstinə yardımının həcmi 260 milyon dollara çatıb. İsrail isə ABŞ-dan il ərzində təxminən 3 milyard dollar hərbi yardım alır.
ABŞ prezidenti çıxışı zamanı administrasiyasının "fələstinlilər üçün böyük bir təklifi" olduğunu və İsrailin bəzi güzəştlərə getməyə hazır olduğunu da deyib.