ABŞ prezidenti Donald Trump dünən – yanvarın 25-də gənc yaşlarında valideynləri tərəfindən Amerikaya gətirilmiş 1.8 milyon qanunsuz miqrantın leqallaşdırılması planını təqdim edib.
Onlar 10-12 ildən sonra vətəndaşlıq üçün müraciət etmək hüququ əldə edəcəklər, bir şərtlə ki, iş yerləri olsun və məhkumluq yaşamasınlar.
Bu planın bəndlərindən biri Meksikayla sərhəddə nəzarətin sərtləşdirilməsi və ölkəyə gələn mühacir sayının azaldılmasıdır.
DEMOKRATLAR NARAZIDIR
Ağ ev ümid edir ki, Senat fevralın əvvəlində bu layihəni birinci oxunuşda səsverməyə çıxaracaq. Sənəddə Meksikayla sərhəddə hasar tikintisinə, Kanadayla sərhəddə buraxılış rejiminin gücləndirilməsi tədbirlərinə 25 milyard dolların ayrılması nəzərdə tutulur.
Barack Obama administrasiyası dövründə qəbul edilmiş fərman uşaq ikən Birləşmiş Ştatlara getmiş 700 min qanunsuz mühacirin deportasiyadan qorunmasını nəzərdə tutur. Amma bu fərmanın müddəti martın əvvəlində bitir.
İndiki administrasiyanın dəyərləndirməsinə görə, elə təxminən bu qədər qanunsuz miqrant Obama-nın fərmanına uyğun olaraq qeydiyyatdan keçməyib. Amma Trump-ın planı onlara da aid olunur.
Həmin miqrantların statusuyla bağlı respublikaçılar və demokratlar arasında qarşıdurma hökumətin üç günlüyünə bağlanmasıyla sonuclandı. Senatda respublikaçıların lideri Mitch McConnell deyib ki, prezidentin təşəbbüsü immiqrasiya problemini həll etməlidir.
Di gəl, demokrat konqresmenlər prezidentin təklifini tənqid atəşinə tutublar, onu mühacir ailələrini parçalamaq cəhdi adlandırıblar. Demokratların fikrincə, sərhəddə hasarın çəkilməsi pulların göyə sovrulması deməkdir.