ABŞ-ın dövlət katibi Rex Tillerson yanvarın 22-də Londonda Britaniya rəsmiləriylə görüşəcək.
Onun Avropaya bir həftəlik səfəri başlanıb. Tillerson Parisə, Varşavaya və İsveçrəyə – Dünya İqtisadi Forumuna gedəcək.
Bir rəsminin deməsinə görə, Tillerson-un ABŞ-ın müttəfiqləriylə görüşündə İran mövzusu üstünlük təşkil edəcək.
Bu səfərlə bir arada İranın nüvə sazişinin taleyilə bağlı pərdəarxası danışıqlar getməkdədir. 2015-ci ildə imzalanmış saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.
ABŞ prezidenti Donald Trump bu ayın əvvəlində bildirib ki, bu “fəlakətli qüsurları” aradan qaldırmaqdan ötrü avropalı müttəfiqlər və Konqreslə işləmək istəyir. Onun sözlərinə görə, sənəd gücləndirilməsə, Vaşinqton ondan çıxacaq.
Tehran razılaşmaya hər hansı dəyişikliyi çıxdaş edir, nüvə sazişini imzalamış Britaniya, Fransa, Almaniya, Çin və Rusiya da ona qahmar çıxır.