Tehran "qırmızı xətti keçən" ABŞ-ı cavab addımlarla hədələyir

Tehran "qırmızı xətti keçən" ABŞ-ı cavab addımlarla hədələyir
13 Yanvar 2018
Mətni dəyiş

Tehran bildirir ki, İran məhkəmə sisteminin rəhbəri ayətullah Sadeq Amoli-Laricaniyə qarşı sanksiyalar elan etməklə ABŞ "qırmızı xətti" aşıb.

 İranın Xarici İşlər Nazirliyi ABŞ əleyhinə cavab addım atacağını bildirsə də onun məhz hansı şəkil alacağı ilə bağlı təfərrüatlara varmayıb.

 Tehran bildirir ki, 6 qüdrətli dövlətlə imzaladığı nüvə sazişin yenidən nəzərdən keçirilməsinə yol verməyəcək.

 2015-ci ildə əldə olunmuş nüvə sövdələşməsinin qəti əleyhdarı olan ABŞ prezident Donald Trump sanksiyaların ləğvinin uzadılmasına sonuncu dəfə razılıq verdiyini bildirib.

 Eyni zamanda ABŞ İranda insan hüquqlarının pozulması ilə bağlı 14 qurum və şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib. Onlardan biri İranın məhkəmə sisteminin rəhbəri ayətullah Sadeq Amoli-Laricanidir.

 İranın Xarici İşlər Nazirliyi bildirir ki, "Trump rejiminin (Laricaniyə qarşı) sərt addımı" beynəlxalq aləmdə qəbul olunmuş "qırmızı xətti aşır" və beynəlxalq normalara ziddir.

 Ağ Ev uranın zənginləşdirilməsi üzrə İran proqramına müddətsiz qadağanın tətbiqini görmək istəyir.

 Hazırkı razılaşmaya görə bu məhdudiyyətlər 2025-ci ildə sona çatır. Donald Trump həmçinin İranın raket proqramının da nəzarət altına alınmasının tərəfdarıdır.

 2015-ci ildə imzalanmış beynəlxalq sazişə əsasən İran beynəlxalq sanksiyaların qismən ləğvi müqabilində öz nüvə proqramını dondurmalıdır.

 Prezident Donald Trump uzun müddətdir ki, sazişin tənqidçisidir və öz seçki kampaniyasının gedişatında onu ləğv edəcəyini bildirirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun