Sürüşmə zonasından köçürülənlərə kirayə pulu veriləcək

Sürüşmə zonasından köçürülənlərə kirayə pulu veriləcək
26 Yanvar 2018
Mətni dəyiş

“Dağ yamacının altında iki yeraltı çayın axdığı müəyyən edilib”.

Bu barədə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sürüşmə zonasının sakinləri ilə görüşündə deyilib.

E.Əzizov, bu gün, yanvarın 25-də Bayıl yamacındakı (Bakı Televiziya Qülləsinin yaxınlığında) sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub.

Xəbərə görə, görüşdə başçı bildirib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti qərar verib. Sürüşmə zonasından çıxarılan 80 ailəyə - 390 nəfərə müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

E.Əzizov deyib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq.

Başçı həmçinin bildirib ki, əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.

«Teleqüllə» sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1,5 metr enində çatlar yarandığı bildirilir. Artıq, son bir ayda bununla bağlı ekspertlər bir neçə dəfə narahatlıqlarını ifadə ediblər.

Dünən, yanvarın 25-də isə ərazidən 80 ailə çıxarılaraq rayondakı məktəblərə yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirib ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Nazirlikdən həmçinin vurğulayıblar ki, hazırda sürüşmə aktivdir, çatlar artır.

Ancaq nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Bakı Televiziya Qülləsi 20 metrlik monolit təməl üstündədir və buna görə onun uçmaq təhlükəsi yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun