Almaniyada istehsal olunan Leopard tanklarının YPG dəstələrinə qarşı hücumda istifadə edilməsi ilə bağlı xəbərlərin ardınca bəzi almaniyalı deputatlar hökuməti Türkiyəyə silah ixrac etməməyə səsləyirlər.
Ötən şənbə günü Türkiyənin rəhbərliyi altında vuruşan qüvvələr Suriyanın şimal-qərbində hücum əməliyyatına başlayıblar.
Almaniya və Türkiyənin xarici işlər nazirləri cəmi bir neçə həftədir ki, ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair razılığa nail olublar.Son illər ərzində NATO üzrə müttəfiq ölkələrin əlaqələri son dərəcə gərginləşib.
Almaniya Leopard-2-lərin təkmilləşdirilməsi ilə bağlı tankları istehsal edən Rheinmetall şirkətinin müraciətini təmin etməyə hazırlaşırdı. Təkmilləşdirmə Türkiyənin istifadə etdiyi tanklarda partlayıcılara dayanaqlığının artırılmasını nəzərdə tutur.
Hesab olunur ki, Leopard-2 tankları özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı istifadə olunurdu. Hərçənd ki, almaniyalı hərbi ekspertlərin iddiasına görə Suriyanın şimalında həyata keçirilən "Zeytun Budağı" əməliyyatı ilə bağlı yayımlanan görüntülər Leopard tanklarının kürd qruplarına qarşı istifadə olunduğunu əks etdirir.
Almaniyada tankların təkmilləşdirilməsilə bağlı sövdələşmə əleyhinə siyasi spektrin həm sağ həm də sol cinahı çıxış edir. Onlar istəyir ki, hökumət Türkiyənin Suriyadakı son əməliyyatına dair öz mövqeyinə aydınlıq gətirsin.
Almaniya parlamentində kansler Angela Merkelin Xristian Demokrat partiyasını təmsil edən xarici işlər komitəsinin sədri tankların təkmilləşdirilməsi proqramına qarşıdır.
BBC-nin World Tonight programına danışan Norbert Röttgen bildirib ki, Türkiyə qüvvələrinin Suriyadakı addımları "qanunsuz, beynəlxalq qaydalara ziddir və İŞİD-lə vuruşmağa gəldikdə qeyri-produktivdir".
Almaniyalı millət vəkilinə əsasən Türkiyə özünü müdafiə etdiyini iddia edə bilməz çünki "Suriyadakı kürdlərin qüvvələri tərəfindən Türkiyəyə qarşı heç bir həmlə olmayıb".
Cənab Röttgen deyib ki, ABŞ-ın Türkiyə əleyhinə çıxış etməsi təqdirə layiqdir.
"Amerika nəyin baş verdiyi barədə açıq danışan yeganə Nato ölkəsidir. Biz Trump administrasiyasını kifayət qədər tez-tez tənqid edirik, lakin hazırkı məqamda onlar başqalarına nisbətdə daha açıq və cəsarətlidir və biz də bu yolu tutmalıyıq".
Almaniyanın Xarici İşlər naziri Sigmar Gabriel bildirir ki, bazar ertəsi öz türkiyəli həmkarına Afrin əməliyyatının humanitar fəsadları ilə bağlı narahatlığını bildirib.
Türkiyə Afrin şəhərinə nəzarət edən kürdlərin YPG dəstələrini terrorçu tanıdığı PKK qrupunun bir qolu hesab edir. YPG bu iddiaları həmişə danıb.