Türkiyə Radio və Televiziya Qurumu (RTÜK) “Show Radio”nun proqramını 5 dəfə dayandırmaqla ən yüksək səviyyədə pul cəzası haqda qərar qəbul edib.
Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Qurumun yanvarın 25-də keçirilən toplantısında bildirilib ki, “Show Radio”-nun “Matrax” adlı proqramında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya ünvanlanan təhqiramiz yayım qeydə alınıb. Belə ki, yanvarın 16-da, saat 22.00-01.00 radələrində yayımlanan “Matrax” proqramında aparıcı Zəki Kayahan Coşğunun Azərbaycan prezidentinin və xanımının ünvanına təhqiramiz ifadələr işlətdiyi iddia olunur.
Türkiyə Radio və Televiziya Qurumu buna görə radioya gəlirlərinin beşdə biri qədər cərimə ödənməsi və proqramının yayımının 5 dəfə dayandırması qərarını qəbul edib. Bundan əlavə, radio yaxın 1 ildə oxşar yayım edərsə, 10 günə qədər yayını dayandırma cəzası veriləcək. Təkrar olunsa, yayın lisenziyası ləğv ediləcək.