"Qarabağı ermənilərsiz istədiyinizi deyirsiniz. Mümkün deyil, bu, heç vaxt olmayacaq".
Bunu Ermənistan prezidenti Serzh Sarkisian yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında çıxışında deyib.
Azadlıq Radiosunun erməni xidməti xəbər verir ki, o, Azərbaycanın nümayəndə heyətinin başçısı Səməd Seyidovun Xocalıda Ermənistanın “soyqırımı törətməsiylə” bağlı sualını cavablandırıb.
“Əvvəla, sizi sakitləşməyə, daha sonra isə dediklərimi təhrif etməməyə çağırıram. Mən bu tribunadan hərbi lider olduğumu deməmişəm, belə bir şərəfə nail olmamışam, mən Dağlıq Qarabağ xalqının ədalətli mübarizəsinin iştirakçısı olmuşam”, – Sarkisian deyib.
"Genosid - yaxşı bir şey deyil"
Ermənistan prezidenti qeyd edib ki, soyqırımı yaşamaq şərəf deyil:
“Genosid – yaxşı bir şey deyil, bu, şərəf deyil, əzabdır. Hesab edirəm ki, Azərbaycanda belə bir tendensiya yaranıb – ermənilərdə olandan onlar da mütləq istəyirlər”.
“Sözlərinizdən aydın olur ki, maksimal olanı, mümkünsüz olanı, Qarabağı Azərbaycanın tərkibinə qaytarmaq istəyirsizniz. Təəssüf ki, Azərbaycanda ksenofobiya o qədər artıb ki, indi açıq şəkildə Qarabağı ermənilərsiz istədiyinizi deyirsiniz. Mümkün deyil, bu, heç vaxt olmayacaq”, – Ermənistan prezidenti söyləyib.
“APA” informasiya agentliyi yazır ki, Səməd Seyidov Ermənistan prezidentinin çıxışında dünya ictimaiyyətini aldatdığını bildirib:
“Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsi barədə danışmadınız? Orada uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla ermənilər tərəfindən təxminən 600 nəfər öldürüldü. Niyə etnik təmizləmə barədə danışmadınız? Hazırda siz beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğalı barədə danışıb. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”.
XİN sözçüsünün cavabı
S.Sarkisian AŞPA-dakı çıxışında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vaxtının çatdığını vurğulayıb. O, atəşkəs rejiminin qorunmasının, əvvəl əldə olunmuş bütün razılaşmalara əməl etməyin vacibliyini qeyd edib. Ermənistan prezidentinin fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə aparılan danışıqlar prosesi münaqişənin həllinin beynəlxalq səviyyədə razılaşdırılmış yeganə yoludur. O, Azərbaycanı münaqişənin həllindən ötrü götürülmüş öhdəliklərin icrasına hazır olmamaqda suçlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevsə “APA” informasiya agentliyinə müsahibəsində bu çıxışa münasibət açıqlayıb. O, deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi, “ədalətin defisiti”, ilk növbədə, Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalması və onların bütün fundamental hüquqlarının pozulmasıdır.