Saakashvili Ukrayna Təhlükəsizlik Xidmətində dindirilib

Saakashvili Ukrayna Təhlükəsizlik Xidmətində dindirilib
11 Yanvar 2018
Mətni dəyiş

Mixeil Saakashvili Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən dindirilib.

Bu barədə məlumatı onun vəkilləri veriblər.

Vəkil Ruslan Çornolutski deyib ki, Saakashvili yanvarın 10-da SBU-nun binasında 4 saat müddətində saxlanıb. O bunun 2 saat yarımı ərzində ifadə verib.

Saakashvili jurnalistlərə deyib ki, ona verilən suallar onun Ukraynadakı siyasi fəaliyyəti ilə bağlı olub.

Saakashvili əlavə edib ki, o Ukraynanın hazırkı hakimiyyətinə qarşı mübarizəsini davam etdirəcək:

"Biz Ukraynadakı mövcud siyasi sistemi dağıdacaq, yerində Avropada supergüc olan normal, demokratik və mütərəqqi Ukrayna quracağıq”.

Ukrayna hakimiyyəti keçmiş Odessa qubernatoru Saakashvilini keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin iddia olunan “kriminal qrupu” ilə əlaqədə ittiham edir. Yanukoviç 2014-cü ilin fevralında devrildikdən sonra Rusiyaya qaçıb.

Hakimiyyət iddia edir ki, Saakashvilinin Ukraynada təşkil etdiyi etirazlar Rusiyanın Kiyev hökumətinə qarşı qəsdinin bir hissəsidir.

Keçmiş Gürcüstan prezidenti Mixeil Saakashvili ona qarşı ittihamları rədd edir.

Ukrayna polisi dekabrın 5-də Saakashvilini həbs etməyə cəhd göstərmiş, lakin keçmiş qubernatorun tərəfdarlarından ibarət kütlə polis maşınını dövrəyə alaraq onu azad etmişdi.

Saakashvili üç gün bundan sonra həbs olunmuş, lakin dekabrın 11-də məhkəmə tərəfindən ev məhbusluğundan azad edilmişdi.

Saakashvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. O Gürcüstan vətəndaşlığını 2015-ci ildə Odessa qubernatoru vəzifəsinə görə Ukrayna vətəndaşlığını qəbul edəndə itirib.

Saakashvili Odessanın qubernatoru vəzifəsindən 2016-cı ildə istefa edib və keçmiş müttəfiqi – prezident Petro Poroşenkonun yaxın adamlarının onun islahatlarına mane olduqlarını bəyan edib.

Dekabrın 12-də AzadlıqRadiosunun rusdilli Current Time TV kanalına müsahibəsində Saakashvili demişdi ki, korrupsiya Ukraynaya Rusiyadan daha böyük zərbə vurur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun