Rusiyanın müxalifət lideri Alexei Navalny bazar günü polis tərəfindən qısa müddətə saxlanandan sonra buraxılıb.
Yanvarın 28-də minlərlə adam Moskvada 18 mart prezident seçkisi əleyhinə yürüşə çıxıb. Seçkidə indiki prezident Vladimir Putin-in bir daha həmin posta seçiləcəyi gözlənir.
“Azadam. Bu gün vacib gün oldu... hüquqları uğrunda savaşdan çəkinməyən hər kəsə təşəkkürlər”, – Navalny bazar günü axşam Twitter-də yazıb.
"Özünüzə görə yürüşə çıxmısız"
“Frans Pres” agentliyi yazır ki, şaxtalı havaya baxmayaraq, Rusiyanın onlarla şəhərində minlərlə adam Navalny və tərəfdarlarının dediyi kimi, “psevdo-seçkilər”ə etiraz olaraq yürüşə çıxıb.
Navalny Moskvanın mərkəzindəki yürüşdə “Fırıldaqçılar və oğrular” şüarını səsləndirib. Bu zaman polis əməkdaşları onu əhatəyə alıb, yerə yıxıb, sürüyərək avtobusa mindirib.
Hakimiyyət daha öncə bildirmişdi ki, Navalny icazəsiz aksiyanın təşkilində ittiham olunacaq.
Müxalifət lideri moskvalıları təslim olmamağa çağırıb.
“Mənə görə deyil, özünüz və gələcəyiniz uğrunda yürüşə çıxmısınız”, – o deyib.
Agentlik Moskvadakı icazəsiz aksiyaya 4 minədək adamın çıxdığını, “Çar rədd olsun” qışqırdığını, “Seçicilərin tətili” plakatı qaldırdığını yazır.
250-dən çox salanan olub
Şəhərin mərkəzində təhlükəsizlik gücləndirilmişdi, polis maşınları və sərnişin avtobusları gətirilmişdi. Amma polis etirazları saxlamaqdan çəkinib. Daha sonra etirazçıların Qırmızı Meydana çıxmasına da icazə verilib.
Bir qrup etirazçı bir neçə kilometr irəliləyərək hökumət binalarına çatıb, polis də onlara göz qoyub.
Hakimiyyət Moskvada 1000 nəfərin yürüşə çıxdığını bildirib.
Bu yürüşdən öncə polis Navalny-nin qərargahına basqın etmiş, onun komandasından bir neçə nəfəri saxlamışdı.
OVD-Info müstəqil monitorinq mərkəzinin məlumatına görə, ölkə boyunca 350-dən çox saxlanan olub.
Bazar günü aksiyası ötənilkilərlə müqayisədə zəif təsir bağışlayıb. Ötən ilin martında və iyununda Rusiya elitasında korrupsiyaya etiraz edən on minlərlə adam yürüşə çıxmışdı.
Bundan sonra polis kütləvi həbslər keçirdi, məktəblilər daxil olmaqla, 1000-dən çox adam saxlandı.
Navalny özü 3 dəfə həbs cəzası çəkib, icazəsiz aksiyaların təşkilinə görə 15, 25 və 20 günlük həbs cəzaları çəkib.
Etiraçılar nə deyir
Ancaq bazar günü etirazçıların çoxu deyiblər ki, hakimiyyət onları qorxuda bilməz.
“Bu, seçki deyil, çünki artıq nəticəni bilirik”, – 62 yaşlı Elena Ruzhe Moskvada “Frans Pres”ə söyləyib.
“Etiraz eləməkdən qorxmuram”, – mədəniyyət nazirliyinin keçmiş işçisi bildirib.
Xəz palto geyinmiş Alexandra Fedorova isə bildirib ki, Navalny-nin seçkiyə buraxılmaması yanlış addımdır.
“Gələcəyi görmürəm. Səs verməyə heç kəs yoxdur”, – 27 yaşlı daha bir etirazçı vurğulayıb.
1500-dək etirazçının qatıldığı Sankt Peterburq yürüşündə də oxşar fikirlər səslənib.
Rusiya prezidenti Vladimir Putin də 18 mart seçkisinə gedir və təhlilçilər onun qalib gələcəyinə şübhənin az olduğunu düşünürlər.
Müxalifətçi Aleksei Navalny barəsində şərti cəzanın mövcudluğu əsas gətirilərək seçkiyə buraxılmayıb.
Digər namizədlər sırasında millətçi Vladimir Zhirinovsky, liberal Grigory Yavlinsky, Kommunist partiyasından Pavel Grudinin var. Tənqidçilərin fikrincə, digər namizədlərin rolu seçkiyə demokratik fon verməkdir.