Rusiyada FTX başçısının gizli mülkiyyətindən yazan sayt bloklanıb

Rusiyada FTX başçısının gizli mülkiyyətindən yazan sayt bloklanıb
26 Yanvar 2018
Mətni dəyiş

Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun bəyan edilməmiş gizli sərvəti haqqında məqalə dərc etmiş internet saytı hakimiyyət orqanları və elə saytın öz sponsorları tərəfindən təzyiq altındadır.

Yanvarın 23-də FTX direktoru Aleksandr Bortnikov haqqında təhqiqat materialı canlı yayınlandıqdan az sonra Rusiyanın bir sıra internet və mobil telefon provayderləri Russiangate.com saytını bloklayıblar. Bunun ardınca Rusiyada mediaya gözətçilik edən Roskomnadzor saytı “ekstremist” materiallarına görə “qara siyahıya” daxil edib.

Bu arada Russiangate saytının baş redaktoru Aleksandrina Yelagina AzadlıqRadiosuna deyib ki, saytın sponsorları bu layihənin maliyyələşdirilməsinin dayandırıldığını elan ediblər. 2016-cı ildən fəaliyyətdə olan bu sayt əsasən Rusiya biznesi və elitasına dair təhqiqat materialları dərc edirdi.

Yelagina inanır ki, sayta qarşı son tədbirlər və sponsorların qərarı Bortnikov haqqında materialla bağlıdır.

Bortnikov FTX-yə 2008-ci ildən rəhbərlik edir və Ukraynanın Krım yarımadasının ilhaqında və Ukraynanın şərqindəki separatçıların dəstəklənməsi siyasətindəki roluna görə 2014-cü ildən Avropa İttifaqının sanksiyaları altındadır.

Russiangate.com saytının təhqiqat materiallarında mülkiyyətin qeydiyyatına dair sənədlər əsasında bildirilirdi ki, Bortnikov Sankt Peterburq şəhərinin ətrafındakı elitar qəsəbədə bahalı malikanəyə və torpaq sahəsinə sahibdir, lakin gəlirlərinə dair bəyannamədə bu mülkiyyəti göstərməyib.

Təhqiqat materialında bu da iddia olunurdu ki, Rusiyanın federal daşınmaz mülküyyətin qeydiyyatı idarəsi – Rosreestrdə Bortnikovun sahibliyinin gizlədilməsi məqsədilə müvafiq sənədlər saxtalaşdırılıb.

“Gizlədilmiş sərvət”

Rusiya jurnalistləri və müxalifətçilər son illərdə ölkə rəsmiləri və onların yaxın qohumlarının bahalı müklərinin faş edilməsi məqsədilə daşınmaz əmlakın qeydiyyatı sənədlərindən tez-tez istifadə ediblər.

Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnı iddia edir ki, Rosreest qüdrətli rəsmilərin sərvətini gizlətmək üçün öz sənədlərini saxtalaşdırıb.

Yelaginanın sözlərinə görə o, yanvarın 23-də şam yeməyi hazırlayarkən ona zəng edib deyiblər ki, Bortnikov haqqında material internetdə görünəndən bir neçə saat sonra Russiangate saytı bloklanıb.

Bundan sonra saytın Roskomnadzorun qara siyahısına salındığı məlum olub. Sözü gedən material isə sponsorların tapşırığı ilə texniki əməkdaşlar tərəfindən saytdan çıxarılıb.

Buna baxmayaraq Russiangate saytına hələ yanvarın 25-də xaricdən giriş qalırdı.

Yelagina AzadlıqRadiosuna deyib ki, baş verənlərə baxmayaraq hakimiyyət orqanları saytın bloklanması səbəbi barədə ona heç bir rəsmi bildiriş göndərməyib.

Russiangate öz sponsorları barədə bildirir ki, “bunlar əslən rusiyalı” olsalar da, Rusiyanın özü ilə bağlılıqları yoxdur.

Redaktor bildirib ki, sponsorların adlarının anonim saxlanması qərarı onları Rusiya hökumətinin təqibindən qorumaq məqsədilə qəbul olunmuşdu.

Yelagina AzadlıqRadiosuna müsahibəsində də saytın investorlarının adlarını çəkməyib.

Buna baxmayaraq Honq Konq qeydiyyatlı Citadel Media Group özünü bu internet saytının sahibi kimi təqdim edir.

AzadlıqRadiosunun bu şirkətə göndərdiyi e-mail-lər və telefon zəngləri cavabsız qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun