Əbülfəz Qurbanlı
Yalçın İmanovun ardınca daha bir vəkil- dəyərli Fəxrəddin Mehdiyev repressiyaya məruz qaldı. Əsasən, siyasi məhbusların işlərini aparan müdafiəçinin vəkillik fəaliyyətinə bir il xitam verildi. İllər öncə repressiya aparatının hədəfi siyasi partiyalar, fəal gənclər və media qurumları idi. Sonra qısa bir zaman kəsimində QHT sektoruna hücum başladı. Ardınca ölkənin tanınmış və hüquq andına sadiq vəkilləri ən müxtəlif yollarla öz peşələrindən uzaqlaşdırılmağa başladı. Nəhayət, budur, bizi Vəkillər Kollegiası adlı strukturda təmsil edən cəmi 4-5 vəkil qalıb. Onlardan da Kollegiyaya şikayət olunub və taleləri indidən məlumdur: çox güman ki, vəkil mantiyası ilə vidalaşması olacaqlar. Onların yerinə yeni vəkillər gələcəkmi? Nümayəndəlik institutunun ləğvindən sonra bu barədə optimist nəsə demək çətin məsələdir. Hakimiyyət ardıcıl repressiya və təbliğat siyasəti ilə öz alternativlərini- müstəqil qurumları tamamilə bitirməkdə israrlıdır. Təbliğat maşının şər-böhtanı işə yaramayanda dərhal repressiya aparatı işə düşür. İnzibati yollarla öz məqsədlərinə nail olurlar. Burda mühüm məqamlardan biri budur ki, hakimiyyətin AzTV dilində tərif-təbliğat maşını effekt vermədiyi üçün tək yol repressiyadır, fəaliyyətlərin inzibati yollarla məhdudlaşdırılmasıdır. Yalan üzərində qurulan quruculuq və çiçəklənən Azərbaycan təbliğatı işə yaramır. Öz yaşayışından narazılar etirazçıya çevrilir, bu isə böhrandan sonra sosial narazılığın sərt etiraza dönəcəyindən ehtiyatlanan hakimiyyətə rahatlıq vermir. Həm də buna görə etirazçıların müdafiəçiləri cəzalandırılır. Vəkillər şərlənərək həbs olunanları haqlı və arqumentli müdafiə nitqləri ilə məhbəslərdən çıxara bilməsələr də, onların müdafiəsi əvəzsiz idi. Buna görə də həbsini gözləyən, həbsdə olanın əsas ümid yerlərindən olan vəkillik fəaliyyəti məhv edilməli idi. Hakimiyyət bu istiqamətdə ardıcıl işləyir. Bu həm də avtoritarizmin möhkəmlənməsi siyasətinin davamıdır. Axı ölkə başçısı çoxdan deyib ki, Azərbaycanda müxalifət olmayacaq. Hamı yaxşı yaşayır, heç kim narazı deyil. Narazılar da xaricə və xaricdə işləyən antimilli ünsürlərdir. Bu tezislərin mümkün qədər gerçəkləşdirilməsi hökumətin daxildəki siyasətinin əsas məqsədlərindəndir. Fəxrəddin bəydən cəmi bir gün sonra Qazaxda AXCP sədrinin müavini Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi. Məhz, son beş ildə hakimiyyət siyasi repressiya məsələsində gender problemini həll edə bilib. Bizim demokratik düşərgə, hətta sivil dünya kişi-qadın bərabərliyinin üzərində baş sındırdığı bir vaxtda Azərbaycan hökuməti bir neçə qurama məhkəmə qərarı ilə bu bərabərsizliyi aradan qaldırıb. Nigar Yaqublu, Leyla Yunus, Xədicə İsmayıl və Gözəl Bayramlı son illərin qadın məhbuslarıdır. İndi gözləyirəm ki, bizim qəhrəman deputatlardan Elman Nəsirov bu barədə bəlağətli, poetik üslubda nitq söyləsin.
Gözəl Bayramlını qaçaqmalçılıqda, ölkəyə gizlin yolu ilə 10 min avronu gətirməkdə ittiham edənlər özləri ölkədən ofşor zonalarına milyardlarla pul çıxarır, yuyur, ölkəyə də qaytarmır, əksinə hesablarda yığır və avropalı deputatlara paylayır. Gözəl Bayramlı illərini siyasi mübarizəyə qurban vermişlərdəndir, bütün aksiyalarda, tədbirlərdə öndə gedənlərdəndir. Onun bir fotosu da var: Azərbaycanın polisinin Süleyman Neymətov adlı nəfəri tərəfindən qolları burularaq aparıldığı halda. O fotoda Süleyman Neymətov Gözəl Bayramlının qolunu necə bura bilmişdisə, Əliyev hakimiyyəti də eyni üslubda Gözəl Bayramlının qollarına qandal vurdu - ədalətsizliklə və acizliklə.