Yanvarın 31-də Bakı Apelyasiya Məhkəməsində gənc fəal, NİDA Vətəndaş Hərəkatının üzvü, “Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimov və atası Həsən İbrahimovun apelyasiya şikayətinə baxılmalı idi.
Lakin proses təxirə salınıb.
Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda İbrahimovların vəkili Elçin Sadıqov iştirak etməyib. Bildirilib ki, o, ölkə xaricindədir. Buna görə iclas fevralın 6-na təxirə salınıb.
Xatırlatma
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.
“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona qarşı cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.
Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz…” deyib.
Ötən il dekabrın 18-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimova hökm oxunub. Hökmə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Qiyas İbrahimovun 10 illik cəzası daha 3 ay artırılıb.