QHT rəhbərləri hələ də qadağa altında – Avropa Məhkəməsindən sorğu gəlib

QHT rəhbərləri hələ də qadağa altında – Avropa Məhkəməsindən sorğu gəlib
17 Yanvar 2018
Mətni dəyiş

2014-cü ildə QHT-lərlə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb olunmuş bir sıra təşkilatlar və onların rəhbərlərinin bank hesablarının üzərində həbs, ölkədən çıxışlarına qadağa hələ də qalır. Onlardan biri də Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylidir.

Ə.Hacıbəyli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin onun ölkədən çıxışına məhdudiyyət qərarından növbəti dəfə məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsi bu şikayəti icraata götürməkdən imtina edib. Hüquqşünas bu məhkəmə qərarından apellyasiya şikayəti verib. Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində bu məsələyə baxılıb. Abid Abdinbəyovun sədrlik etdiyi hakimlər kollegiyası Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

«Bu cinayət işinə görə həbs olunanlar buraxılıb, bizə qadağalar davam edir» Ə.Hacıbəyli AzadlıqRadiosuna bildirib ki, ölkədən çıxışına qadağa ilə bağlı bu, məhkəməyə dördüncü şikayətidir. Bu məsələylə əlaqədar daha bir şikayət isə Avropa Məhkəməsinə gedib və artıq həmin iş üzrə kommunikasiya mərhələsi başlayıb, Azərbaycan hökumətinə oradan suallar göndərilib.

Ə.Hacıbəyli məhkəmə nəzarəti qaydasında şikayət verir. Nəsimi Rayon Məhkəməsi isə şikayəti icraata götürməkdən imtina edərək, inzibati qaydada şikayət verilməli olduğunu yazır. Yəni, məsələyə İnzibati-İqtisadi Məhkəmə baxmalıdır. Hüquqşünas isə bununla razılaşmır, hesab edir ki, məhkəmələrin bir-birinin üstünə atması bəhanədən başqa bir şey deyil.

««İnzibati İcraat haqqında» qanuna görə, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətlə bağlı qərarlardan inzibati-iqtisadi məhkəməyə şikayət verilə bilər. Nə mənim özüm, nə də təşkilatımla bağlı cinayət işi olub. QHT-lərlə bağlı cinayət işi çərçivəsində bir neçə dəfə çağrılıb dindirilmişəm. Təşkilatımızın fəaliyyəti ilə bağlı mühasibatlıq sənədlərinin hamısını prokurorluq apardı, 2015-ci ilin oktyabrında da bir torbaya yığıb qaytardılar. Dedilər ki, heç bir cinayət tərkibi aşkarlanmayıb, yaxın günlərdə xitam qərarı çıxarılıb sizə göndəriləcək. İndiyə qədər gözləyirik, nə xitam qərarı çıxarılır, nə də məhdudiyyətlər götürülür. Hətta QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunanların hamısı azadlığa çıxıb, amma bizə qadağalar davam edir», – təşkilat rəhbəri bildirib.

«Məqsəd prinsipial təşkilatların qarşısını almaqdır» Ə.Hacıbəyli deyir ki, qadağaların götürülməməsinin səbəbi haqda heç kim ona dəqiq bir söz demir. Amma özü güman edir ki, bu cür yanaşma prinsipial təşkilatların fəaliyyətini məhdudlaşdırmaq niyyətindən irəli gəlir: «Bizim təşkilat faktiki işləyə bilmir, mən özüm fəaliyyət göstərə bilmirəm. Təşkilatımızın fəaliyyəti bundan öncə də sıfıra endirilmişdi. Çünki qanunvericiliyə dəyişiklikdən sonra Ədliyyə Nazirliyi qrant layihələrini qeydə almaqdan imtina edirdi. İndi nəticə budur ki, illər öncə gördüyümüz faydalı işləri – maarifləndirmə xarakterli tədbirləri, məhkəmələrin monitorinqini, qanunların təkmilləşdirilməsi üçün təkliflər hazırlanması və s. həyata keçirə bilmirik».

Ə.Hacıbəyli ilə yanaşı, «Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi» İctimai Birliyinin sədri, vəkil Əsabəli Mustafayevin, bir sıra başqa təşkilat rəhbəri və jurnalistlərin də ölkədən çıxışına qadağa qoyulub.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri isə fərqli düşünürlər, onların fikrincə, son bir ildə vətəndaş cəmiyyəti üzvlərinin ölkədən çıxışına məhdudiyyətlər aradan qaldırılıb, cinayət işlərinə xitam verilib, bəziləri azadlığa buraxılıb, QHT-lər əlavə yoxlamalara məruz qalmayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun