Qaxaca dönmüş dolma və balaca donuz balası Lulu...

Qaxaca dönmüş dolma və balaca donuz balası Lulu...
6 Yanvar 2018
Mətni dəyiş
Vüsal Bağırlı

Bu hadisə lap çoxdan baş vermişdi.

Bankada  bərkiyib buz qaxacına dönmüş dolmanı qaşıyıb, faşist kaskasına bənzəyən qazançaya əndərənə kimi hövsələm bir tikə oldu.

Qazın yaşıl alovu qazançanın qaramtıl altını yaladıqca xörək xarta-xurtla qızırdı. Hələ küçədə olarkən baş qaldırmış canavar iştahası yemək masaya gələnə kimi təzə alınmiş zavod çörəyinin yarıdan çoxunu məhv etmişdi. Təlatümlü aclığı əvəz edən məmnun toxluq kürəyimi klassik güləşçi cəldliyi ilə  köhnə divanın üstünə çırpdı.

Lakin,  tənbəllik vaxtı deyildi. Mən üstələyici yuxuya qalib gəlməli, quşları yedirtməliydim. Onlar qəfəs mühitinin saxta asayiş və sabitliyindən məmnun görünürdülər. Biri cəld, o biri astagəl olan bu balacalar, dalğalı tutuquşular cinsinə aid idilər.

Quşları bacım saxlayırdı. Onun evdə olmadığı müddətdə sağ və səlamət olmasına cavabdeh idim.

Onların yemini, suyunu dəyişirdim ki, qapı döyüldü. Xalaoğlu qoltuğunda bir yığın “əkşn” janrlı video kaset qapının ağzında dikdayanmışdı.

Salam-kalam, hal-əhval, döşəkçəni yerə atıb, mütəkkəyə dirsəkləndik və seçdiyimiz filmə baxmağa başladıq.

Burdən bərk səs-küy eşidib yan otağa keçdim. Orada gördüklərimə inana bilmirdim. Tutuquşular çox narahat görünür, bir yerdə qərar tutmur, özlərini qəfəsin divarlarına çırpırdılar. Əlac tapa bilmədiyimdən, artıq onlara görə təlaşlanmağa başladım.  Xalaoğlu da mat-məəttəl qalmışdı:

  • Bəlkə suya, qidaya görə belə edirlər?
  • Yox axı, qablarını bayaq doldurmuşam!?

Heç nə anlaya bilmirdik. Beş dəqiqə də belə davam etsəydi, onlar özlərini qəfəsin sərt, dəmir millərinə vurub  həlak edəcəkdilər.

Bu zaman, hansısa qəribə bir qüvvə məni sərt şəkildə itələdi və zərblə divara çırpdı. Ağrıdan gözüm qaraldı.  Ətrafda olan hər şey, döşəmə, tavan, evdəki əşyalar, hamısı silkələnməyə, dəhşətli qüvvəylə titrəməyə başladı. Şkafın üzərindəki köhnə samovar və qab-qacaq qutuları gurultuyla yerə aşdı. Mətbəxdə  yenə nə isə töküldü, harada isə partlayışa bənzər səs eşidildi.  Baş verənlərə tormozlayan beynim, hərəkət etmək, qaçıb qurtulmaq istəyən bədənimi sanki yerə mıxlamışdı. Xalaoğlunun “zəlzələ” qışqırığının səpdiyi soyuq duş effekti instinktiv qorxu hissi ilə qarışıq məni çölə tulladı. Dördüncü mərtəbədən aşağı düşənə qədər sanki zaman dayanmışdı. Bayırda 9 mərtəbə binalar ləngər vurur, xəzridən budaqları oyuncağa çevirilən zeytun ağacı kimi sağa- sola yellənir, adamı vahimələndirirdilər.

Zəlzələnin birinci dalğasından sonra, ondan heç də geri qalmayan ikinci dalğası da sovuşdu. İnsanlar yavaş-yavaş özlərinə gəlsələr də, heç kəs evə qayıtmağa ürək etmirdi. Birdən, yadıma quşlar düşdü. Axı, onlar məni xəbərdar etmək istəyirdilər!? Əgər onların səsinə, qara –qışqırığına vaxtında reaksiya versəydim, təlatümə, vəlvələyə hələ 6-7 dəqiqə qalmış təhlükəsiz yerdə ola bilərdim.

Xalaoğlunun etirazına baxmayaraq geri qayıtmağa qərarlıydım. Dəhlizdən içəri girən kimi, tutuquşuların olduğu otağa atıldım. Quşlar heç nə olmayıbmış kimi var-gəl edir, məzəli səslər çıxarır,  başlarını bir-birinə sürtərək, xoşbəxtcəsinə cikkildəşirdilər.

Bu əhvalatı genişləndirərək, heyvanların, quşların insan həyatını xilas etməsi haqqında başqa faktları da sadalamaq istəyirəm.

Çinin Xarbin şəhərinin nəhəng akvariumunda dayverlərin (xüsusi dalğıclar) yarışı keçirilirdi. İştirakçılardan biri, 26 yaşlı Yanq Yun dərinliyə baş vurur və sudurğa tutmasına məruz qalır. Qız boğulmağa başlayır. Ölümün bir addımlığındaykən, yaxınlıqdan keçən Mimo adlı ağ balina ağzı ilə qızın ayağından yapışır. Üçcə təkandan sonra qız sağ-salamat sahilə çıxır.

Rayzinq San (Merilend ştatı) şəhərinin 45 yaşlı sakini Debbi Parkherstin nəfəs borusunda tikə ilişib qalmışdı. Qadını ölümdən retriver cinsindən olan qızılı rəngli it Tobi xilas edir. O yerə yıxılmış sahibinin üzərinə çıxıb, ayağı ilə sinəsinə basır. Beləliklə, nəfəs yolu açılan qadın xilas olur.

Adamlara tutuquşuların kəskin, qulaqbatırıcı səsi xoş gəlməsə də, onların qara qışqırığı bəzən insan həyatını xilas da edə bilir. Bu mənada, tutuquşu Billi Kvaker  öz qəhrəmanlığı ilə öyünə bilər.

İki yaşlı Hanna Kuusk yemək yeyərkən boğulmağa başlayır. Bunu kənardan müşahidə edən quş, o dəqiqə qanadlarını çırpır, var gücü ilə qışqırı , “A-na, a-na, u-şaq, u-şaq”. Vanna otağında olan ana və dayə həyəcan səsinə qaçıb gəlirlər və Xannaya lazımı yardım olunur.

Co Enn ürək tutmasında sonra yerdə çapalamağa başlayır. Conun hələ bir dəfə də olsun yaşadığı yeri tərk etməyən yetmiş kiloluq ala donuzu Lulu şosseyə qaçır.Həyatını risqə ataraq yoldan ötən avtomobillərdən birinin qarşısına keçir. Sürücü düşüb, donuzun qəribə davranışını araşdırmağa çalışır. O, Lulunun ardınca gedir və hadisəni görüb təcili yardım çağırır.

Alimlərin mülahizəsinə görə, ev şəraitində saxladığımız heyvanlar, quşlar, balıqlar, bütövlükdə insan orqanizminə, onun psixika və sağlamlığına da müsbət təsir edə bilirlər. Məsələn, pişiklərlə təmas miokard infarktı, hipertoniya və insulta müsbət təsir edir. Pişiklərin orqanizmə müalicəvi təsiri felinoterapiya adlanır.

Sadiq və vəfalı dostlarımız olan itlər isə bizə sevinc, xoşbəxtlik hissi, nikbin əhval-ruhiyyə bəxş edirlər. İt saxlayanlarda arterial təzyiq normaya düşür, yuxusuzluq və miqren çəkilib gedir. İtlərlə müalicə kanisterapiya adlanır.

Sualtı aləmi, üzən rəngarəng balıqları seyr edərkən insanın əsəb sistemi dincəlir, güc toplayır. Hesab olunur ki, akvarium sakinlərini seyr etmək görmə itiliyini artırır, astmaya, bronxitə kömək edir.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun