Pambıqçılıq: yüz milyonlar, korrupsiya, müflis kəndlilər... - Vahid Məhərrəmli

Pambıqçılıq: yüz milyonlar, korrupsiya, müflis kəndlilər... - Vahid Məhərrəmli
5 Yanvar 2018
Mətni dəyiş

Vahid Məhərrəmli

Nəhayət ki, 2017-ci ildə pambıq yığımının başa çatdığını demək olar. Yada salmaq istəyirəm ki, İlham Əliyev 2017-ci ildə hər hektardan əvvəlcə 40 sentner məhsul əldə olunacağını, sonra isə 30 sentnerə çatdırılacağını demişdi. Çox təəssüflər olsun ki, məhsuldarlıq hər hektardan nə 40 sentner oldu, nə də ki, 30, deyiləndən 2 dəfə az, yəni 15,1 sentner oldu.

2017-ci ildə 136,4 min hektar pambıq sahəsindən 206,4 min ton pambıq əldə olunub. Artıq qeyd etmək olar ki, 2016-cı illə müqayisədə 2017-ci ildə hər hektardan 220 kiloqram az pambıq istehsal olunub. Baxmayaraq ki, 2016-cı ilin istehsal göstəricisi son 5 ilin ən aşağı göstəricisi idi.

Misal üçün, 2012-ci ildə hər hektardan 19,5 sentner, yəni indikindən 4,4 sentner artıq məhsul əldə olunmuşdur. 2017-ci ildə məhsulun az, alış qiymətinin ucuz olması on minlərlə kəndlilərin müflis olmasına səbəb olub. Bu il pambığın becərmə xərci ümumi ölkə üzrə hər hektar üçün 830 manat təşkil edib. Bunu nəzərə alsaq, çəkilən xərcin ödənilməsi üçün fermer, kəndli emal müəsisəsinə hektardan 1 ton 660 kiloqram məhsul təhvil verilməli idi.

Lakin bu qədər məhsul əldə etmək mümkün olmayıb. Orta hesabla hər hektardan 1 ton 510 kiloqram pambıq yığılıb. Çatışmayan fərq 150 kiloqram pambıq və yaxud nağd pul ekvivalentində 75 manat təşkil edib.

[caption id="attachment_43442" align="aligncenter" width="1023"] Vahid Məhərrəmli[/caption]

Beləliklə fermerlər, kəndlilər orta hesabla hər hektardan 75 manat zərərə məruz qalıblar. Bu da ümumi ölkə üzrə 10 milyon manatdan çoxdur. Samux, Ucar, Neftçala, İmişli, Hacıqabul və sair rayonlarda isə hektardan məhsuldarlıq 10 sentnerdən də aşağı olub. Bu o deməkdir ki, həmin rayonlarda müflis olan kəndlilərin sayı daha çoxdur.

Keçən il Saatlı rayonunda keçirilən müşavirədə çıxış edən İlham Əliyev demişdir ki, “biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik.” Əgər həqiqətən də pambıqçılığın inkişafı üçün dövlət büdcəsindən yüz milyonlarla dollar xərclənirsə, onda pambıq əkini ilə məşğul olan kəndlilər niyə ziyana məruz qalıblar?!

Bu qədər vəsait haraya və nəyə xərclənib? Dövlət büdcəsi hesabına nə alınıb və kimə verilib? Hesab edirəm ki, hakimiyyət dövlət büdcəsindən ayrılan yüz milyonlarla vəsaitin hesabatını verməlidir. Kəndlilərə dəyən ziyanı isə pambıq ixracından milyonlarla dollar gəlir əldə edən oliqarx məmurlar öz hesablarına kompensasiya etməlidir.

Ona görə ki, Azərbaycanda yüksək keyfiyyətli pambığın 1 kiloqramının alış qiyməti çox aşağıdır. Qonşu İranda və Türkiyədə pambığın alış qiyməti Azərbaycandakından 3 dəfə, Qazaxıstanda isə 70 faiz bahadır.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun