Nils Muzinieks: "Azərbaycandakı ciddi insan haqları vəziyyəti artıq bütün Avropa Şurasının diqqətini cəlb edib"

Nils Muzinieks: "Azərbaycandakı ciddi insan haqları vəziyyəti artıq bütün Avropa Şurasının diqqətini cəlb edib"
24 Yanvar 2018
Mətni dəyiş

Bu həftə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən növbəti sessiyasında insan haqları üzrə komisarın cümə axşamı günü təqdim edəcəyi illik fəaliyyət hesabatında Azərbaycandaki insan haqları vəziyyətinin narahatedici olduğu bildirilir.

Hesabat müəllifi, Avropa Şurası (AŞ) insan haqları komissarı Nils Muzinieks Azərbaycanda LGBT icmasına qarşı ayrı-seçkilikdən qaynaqlanan zorakılıq iddialarının araşdırılmaması barədə şikayət edir.

Komissar həmçinin jurnalist, insan haqları müdafiəçiləri və vəkillər barədə narahatlıqların yarandığını vurğulayıb.

Azərbaycan hökuməti ölkədə insan haqları barədə səslənən tənqidləri qəbul etmir və çox zaman Azərbaycana yanaşmada ikili standartların tətbiq olunduğunu iddia edir.

Bununla yanaşı, bazar ertəsi günü, AŞPA qış sessiyasının ilk günündə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun 18 vitse-prezidentlərindən biri seçilib.

Nils Muiznieks-dən başqa Avropa Şurasının (AŞ) Baş katibi, Azərbaycan üzrə AŞPA həmməruzəçiləri və AŞ Nazirlər Komitəsi (NK) son aylarda Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Respublikaçı Alternativ (ReAl) hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılmasına dair qərarının icra edilməməsinə görə Azərbaycan hökumətinə qarşı sərt tənqidlər səsləndiriblər.

Nəticədə keçən ilin sonu AŞNK-si Azərbaycana qarşı pozuntu prosedurunu başladaraq AİHM qərarının icra edilib-edilməməsinin müəyyənləşdirmək üçün AİHM-ə müraciət edib.

Bu və Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin bəzi keçmiş üzvlərinə qarşı korrupsiya ittihamları ilə AŞPA-da başlanan istintaq AŞPA və Azərbaycan arasında gərginliyin artmasına səbəb olub.

LGBT icmasının təqibi

Hesabatında komissar Muiznieks bildirir ki, 2017-ci ildə Azərbaycanda LGBT icmasının təqibi barədə aldığı "çox narahatedici xəbərlər" nəticəsində o, daxili işlər naziri Ramil Usubova məktub ünvanlandırıb.

Lakin aldığı cavab onun narahatlıqlarını "daha da artırıb", komissar vurğulayıb.

Komissar Azərbaycan daxili işlər naziri Ramil Usubova ünvanlandırdığı məktubun qısa məzmununu da hesabata daxil edib.

Cənab Muiznieks Ramil Usubovdan LGBT icmasının kütləvi həbsləri və bu şəxslərin insan haqlarının pozulmasına dair iddiaların araşdırılmasını xahiş edib və həbslərin bu şəxslərin cinsi orientasiyasına və ya gender şəxsiyyətinə görə həyata keçirilməsinin Avropa İnsan Haqları Konvensiyasına zidd olduğunu xatırladıb.

Bununla yanaşı, komissar nazirlikdən həbs edilən LGBT icma üzvlərinin işgəncə və pis rəftar iddialarının araşdırılmasını və LGBT icma üzvlərinə qarşı zorakılığı və nifrəti təbliğ edən rəsmilər, siyasətçilər və yerli mediaya qarşı hansı addımların atıldığı barədə məlumat istədiyini qeyd edib.

Keçən ilin sentyabr ayında LGBT icmasının üzvlərinin kütləvi həsbləri barədə Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC Azərbaycancaya verdiyi müsahibəsində işgəncə və pul istənilməsi iddialarını təkzib etmişdi.

Səməd Seyidov
Cənab Seyidoy bazar ertəsi günü AŞPA-nın 18 vitse-prezidentlərindən biri seçilib.

Media azadlığı və fəallarla jurnalistlərin təqibi

Azərbaycanda jurnalist, insan haqları müdafiəçiləri və vəkillər barədə yaranan narahatlıqlar barədə 2017-ci ildə "bir neçə bəyanat" verdiyini xatırladan komissar ölkədəki "ciddi insan haqları vəziyyətinin artıq bütün Avropa Şurasının diqqətini cəlb" etdiyini vurğulayıb.

AŞPA monitoring komitəsi və AŞ baş katibinin Azərbaycanla bağlı ifadə etdiyi narahatlıqlarla yanaşı cənab Muiznieks, həmçinin rəsmi Bakının Avropa İnsan Haqları Məhkəməsinin Respublikaçı Alternativ hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılmasına dair qərarının icra edilməməsinin yaratdığı qalmaqala diqqət çəkib.

Komissar xatırladıb ki, bunun nəticəsində AŞ Nazirlər Komitəsi Azərbaycana qarşı "pozuntu prosedurunu" başladıb.

Media azadlığı bölməsində jurnalist Əfqan Muxtarlının həbsi və onun Gürcüstandan qaçırılmasına dair iddia qeyd olunub.

Cənan Muiznieks, həmçinin "düşüncələri və ya fəaliyyətlərinə görə həbs edilmiş" hüquq müdafiəçilərinin azadlığa buraxılması üçün Azərbaycana çağırış etdiyini göstərib.

BBC Azərbaycanca komissar Muiznieks-in hesabatına münasibətini öyrənmək üçün Azərbaycanının AŞPA-dakı nümayəndə heyətilə, o cümlədən, Milli Məclisin insan hüquqları komitəsinin üzvləri ilə əlaqə saxlamağa calışsa da, bu, mümkün olmayıb.

Səməd Seyidov AŞPA-nın 2017-ci ilin oktyabr ayında Azərbaycanla bağlı qəbul etdiyi iki tənqidi qətnamə ərəfəsində BBC Azərbaycancaya müsahibə verərək qətnamələri "reallığı əks etdirməyən" sənədlər adlandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun