Azərbaycanda qan azlığı göstəriciləri sürətlə artır. Bu fonda dəmir defisitli anemiyaların profilaktikasında və müalicəsində istifadə olunan münasib qiymətli səmərəli dərmanlar apteklərdən yoxa çıxıb.
Ucuz, dəmir çatışmazlığını səmərəli şəkildə aradan qaldıran anemiya dərmanlarının - "Tardiferon" və "Qino-tardiferon" preparatları yerinə pərakəndə şəbəkə bahalı analoqlarını təklif edir. Paytaxt apteklərində adı çəkilən dərmanların qiyməti altı manatdan bir qədər artıq idi. Ən ucuz analoqunun qiyməti isə iki dəfə bahadır. Aptek əməkdaşları topdansatış məntəqələrində dərmanların olmamasına istinad edir, belə ki, "qiymətləri ucuz olduğuna görə onları gətirmək sərf etmir". "Bu məşhur ucuz preparatlar artıq bir neçə aydır idxal olunmur. Apteklər qalan sonuncu preparatları satır", deyə paytaxt aptekində Turan-a bildiriblər.
Bu arada, ölkədə dəmir defisitli anemiya halları kəskin şəkildə artıb. Sirr deyil ki, bu xəstəlik məhdud və tarazlaşdırılmamış qidalanmanın - hemoqlobinlə zəngin yemək və içkinin: qırmızı ət (məsələn, malın qara ciyəri, qoyun əti), mal qıyması, toyuq və hinduşka əti çatışmazlığının nəticəsidir. Dəmir bitki mənşəli qidalarla müqayisədə, heyvan mənşəli qidalardan daha asan həzm olunur, deməli, rasionda ət və balıq defisiti dəmir defisitli anemiyanın əsas səbəbi olur.
Ötən ildən başlayaraq, ölkədə anemiyadan əziyyət çəkən uşaqların statistikası artıb. Belə ki, ötən il 28 948 uşağa ilk dəfə bu diaqnoz qoyulub (2015-ci ildə bu göstərici 28 018, 2010-cu ildə 21 566 təşkil edib). Bu məlumatı Dövlət Statistika Komitəsi verib. 2016-cı ildə anemiyalı uşaqların sayının kəskin artımı isə ət qiymətini iki dəfə bahalaşdıran devalvasiyadan düz bir il sonra başlayıb. Azərbaycanlıların istehlak səbəti isə real qiymətlərlə 50% bahalaşıb. Qan azlığı olan uşaqların artan statistikası əhalinin alıcılıq qabiliyyətinin düşməsinin və lazımi qədər yeyə bilməməsinin nəticəsi olub?
Bir şey aydındır - qiymətlərin bahalaşması ilə əhalinin rasionunda dəmir mənbəyi ilə zəngin qida yerini daha ucuz qida məhsullarına verir. Bu problemin qızğın vaxtında UNİCEF-in Azərbaycandakı nümayəndəsi yerli jurnalistləri qadınların rasionunda dəmir tərkibli ərzaqları artırmağın əhəmiyyəti barədə məlumatlandırıb. "Ananın orqanizmində dəmirin olmaması südəmər uşaqlar üçün problemlərə gətirib çıxarır". "Bu gün UNİCEF orqanizmdə dəmir çatışmazlığını bərpa etməyin ən sadə və özünü sübut etmiş üsulunu təklif edir - unu dəmirlə zənginləşdirməyi", deyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Turan-a bildirib. Onun sözlərinə görə, Ötən ilin noyabrında bu, UNİCEF, Səhiyyə Nazirliyi nümayəndələrinin və parlamentarilərin iştirakı ilə keçirilən dəyirmi masada səslənib.
Bu zaman əhalinin geniş təbəqəsinin dəmirlə zəngin qida, dərman preparatları və keyfiyyətli tibbi xidmət əldə etmək imkanının olub-olmaması probleminin müzakirə olunub-olunmadığı məlum deyil. Amma qadınlar arasında yüksək anemiya göstəriciləri (qanda hemoqlabin çatışmazlığı) UNİCEF-də narahatlığa səbəb olur: "Anemiyanın hamilə qadınlar üçün ciddi nəticələri ola bilər, xüsusən, hamiləliyin özünün gedişatına, dölün çəkisinə təsir edə bilər. Bizdə olan son məlumatlar Azərbaycanda qadınların üçdə birinin anemiyadan əziyyət çəkdiyini göstərir. Hadisələrin 60%-də anemiya qanda dəmir çatışmazlığı ilə əlaqədardır və müvafiq olaraq "dəmir defisitli anemiya" adlanır", deyə beynəlxalq təşkilatın bəyanatında bildirilir.
Burada Azərbaycan apteklərindən yoxa çıxan "Tardifern" və "Qino-tardiferon" preparatlarının, bir qayda olaraq, uşaqlarda və hamiləlik dövründə qadınlarda anemiyanın müalicəsi üçün istifadə olunur (tərkibində fol turşusu da olan "Qino-tardiferon"a üstünlük verilir). İstifadə qaydaları:
Dəmir defisitli (hipoxrom) anemiyalar, xüsusən, qida ilə kifayət qədər qəbul edilməyən dəmirin defisiti ilə, fizioloji olaraq tələbatın həddindən artıq artması ilə əlaqədar və xroniki qan itirilməsi zamanı yaranan anemiyalar. Gizli dəmir çatışmazlığı, xüsusən həddi-buluq çağındakı qadınlarda, sürətli inkişaf dövründə yeniyetmələrdə və yaşlılarda. Hamiləlik zamanı, doğuşsonrası dövrdə və əmizdirmə dövründə dəmir defisitli anemiyanın qarşısının alınması üçün hədsiz dəmir tələbatı zamanı profilaktika tədbiri kimi.
"Preparatların gətirilməsinin dayandırılması və defisiti Səhiyyə Nazirliyinin qərar qəbul edən məmurlarının vəziyyəti nəzərə almadığını göstərir. Tələbat bahalı preparatlarla ödənirsə, münasib qiymətli dərmanlar isə ölkəyə gətirilmirsə, deməli, bu yolda maneələr yaranıb. Dövlət qurumları inhisara və cəza məqsədli sazişlərə qarşı mübarizə aparmalıdır. Axı prezident dəfələrlə bunu qeyd edib!", deyə E.Hüseynov bildirib.