“Bizim SOCAR-la ortaq şirkətimiz var idi, burada pay nisbəti 35/65 idi. İki il öncə həmin şirkətdən ayrılma qərarı aldıq. İki tərəfli anlaşma əldə olundu, həmin şirkətdən ayrıldığıma görə 14 tankeri SOCAR-a buraxdım. Ayrılma qərarını özüm aldım”.
Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib.
“Denizhaber.com” portalının yaydığı məlumata görə, Türkiyənin ən böyük gəmiçilik şirkəti olan “Palmali Dənizçilik” neft şirkətləri “Lukoil” və SOCAR tərəfindən “qara siyahıya” salınıb. Azərbaycanın Dövlət Neft Şirkəti olan SOCAR-ın “Palmali”yə məxsus 14 gəmini müsadirə etdiyi bildirilir. Deyilənlərə münasibət bildirən iş adamı “aylardır mətbuatda eyni xəbərlər yayılır. Nə deməyə çalışdıqlarını başa düşə bilmirəm”- deyə gileylənib:
“Yazırlar ki, “Palmali” batır. Hə, yoxdur “Palmali”, rahatlasınlar. Nə istəyirlər? Birincisi, şirkətin batmağını həyatda görə bilməzlər. İkincisi, niyə mənim vətənimdə haqqımda düzgün olmayan informasiyalar yayırlar? Belə sifarişli yazılarla vicdanları sızlamır? Nə etmək istəyirlər, mənim başım çıxmır.
M.Mənsimov deyib ki, həqiqətən də onun şirkətinə məxsus tankerlər SOCAR-ın zavodlarına buraxılmır:
“SOCAR rəhbərliyinin bunu nə səbəbə etdiyini bilmirəm. Hazırda Çingiz Mustafayev adına gəmimiz limana buraxılmayıb. Canları sağ olsun. Bu, Azərbaycan dövlət şirkətidir. Mən heç bir zaman vətənimə, dövlətimə ziyan verəcək bir iş görmərəm”.
M.Mənsimov SOCAR-a hər hansı borcunun olmadığını deyib:
“Mənim SOCAR-a nə borcum olacaq? SOCAR-ın bu 14 gəmini alanda verdiyi kredit var idi. Gəmilər kimdədir? Şirkət kimdədir? Nə borc? Tam tərsinə, mənim oradakı pullarım qaytarılmayıb”.
“Palmali”-nin maddi durumuna gəlincə, sahibkar deyib:
“Dünyada vəziyyət necədirsə, bizim şirkətdə də elədir. Bilirsiz “Palmali” beynəlxalq şirkətdir. Təəssüf ki, “Lukoil”la məlum olan məhkəmə prosesimiz var. Onun xaricində şirkət öz normal inkişafını davam etdirir. Gəmilər sifariş edirik. O demək deyil ki, şirkət sıxıntadadır, gəmilərimizin hamısı suyun üzərindədir. Dünyada məlum olan iqtisadi sıxıntıların bizə də sıçrayışları var. Ancaq belə şeyləri danışmaq ayıbdır”.
M.Mənsimov son vaxtlar azərbaycanlı iş adamlarının müflis olmasıyla bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Bir iş adamı bata da bilər, yüksələ də. Bu, o demək deyil ki, onun vətənində 24 saat haqqında yazmalıdırlar. Mənə göstərin ki, dünyanın hansı yerində bir iş adamı haqqında gecə-gündüz yazırlar. Bu qədər paxıllıq, qısqanclıq haradandır? “Palmali”ni və Mübariz Mənsimovu xəyal etdikləri şəkildə görə bilməzlər. Bunun qarantiyasını verirəm. “Palmali”nin olmasın 200 gəmisi, olsun 10 gəmisi. Deyək ki, bütün dünyada gəmilərimiz dayandı, bundan o insanlar, bəlli şəxslər nə qazanacaq? Onların özləri və övladları kimi oğurluq etmirik, bəlkə, bu onların gözünə batır”.
M.Mənsimov iş münasibətlərinin pozulmasından da danışıb:
“Biz rüşvət olan yerdə işləmək istəmirik, bunu heç kimdən də saxlamıram. Bundan sonra da qorxumuz olmayacaq. Gecə-gündüz əleyhimizə işləyən saytların rəhbərləri mənə maraqlıdır ki, əllərini vicdanına qoyub necə yatırlar? İndiyə kimi imkansız olan 18 minə yaxın tələbəni oxutdurmuşam. Bunu Azərbaycanda bilməyən yoxdur. Belə şeyləri yazmaq ayıbdır. Bunu bilə-bilə yazırlar. Maliyyə institutlarının qarşısında bizi gözdən salmaq məqsədilə edirlər. Etsinlər, görüm nə olacaq? Sadəcə, mənim iki qızım var, zəng vurub məndən soruşurlar ki, bu, nədir haqqında yazırlar?
İki il bundan əvvəl SOCAR-dan ayrılandan sonra bu cür yazılar yazılmağa başlanıldı. Biz dövlətə hörmət edirik, Azərbaycana ziyan gəlməsin deyə susuruq. Yazmışdılar ki, FTB-dən bizi araşdırırlar, kəşfiyyat dairəsinin ticari şirkətdə nə işi var? Belə xəyalları hardan qururlar? Deyirlər ki, vergidən yayınmışıq. Rusiyada dənizçiliyin saytına baxsınlar, orada dənizçiliyin vergisi yoxdur. Belə uydurma olar? Onsuz da üstümüzə gəlirlər. Sifarişlə 4 il əvvəl vergi dairiəsi bizi 3 il yoxladı, heç nə tapa bilməyib çıxıb getdilər. Məhkəmələrdə də bizə uduzdular”.
“Palmali” Şirkətlər Qrupu 1998-ci ildən Türkiyədə fəaliyyət göstərir. Əsasən Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğuldur.