Mikayıl Cabbarov Vergilər Nazirliyinin 64 işçisini vəzifədən uzaqlaşdırıb

Mikayıl Cabbarov Vergilər Nazirliyinin 64 işçisini vəzifədən uzaqlaşdırıb
9 Yanvar 2018
Mətni dəyiş

"Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb".

Bu sözlər Vergilər Nazirliyindən APA-ya verilən açıqlamada yer alıb.

Məlumatda deyilir ki, nazirliyin strukturunun yenidən təşkili, institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edir.

"Həmçinin, struktur dəyişiklikləri biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır".

Nazirlikdən bildirilib ki, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb:

"Onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var".

Dövlət qurumunun açıqlamasında deyilir ki, son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır.

"Cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır", - deyə açıqlamada vurğulanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun