Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi yenilənib.
Parlament mənbələrindən məlum olub ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətindən çıxarılıblar.
Onların yerinə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, bitərəf Ülviyyə Ağayeva və Elşad Həsənov təyin edilib.
Sonuncu iki nəfər ictimaiyyətə o qədər də yaxşı tanış deyil. 41 yaşlı E.Həsənov 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilib. Deputat seçilməzdən öncə "Kaspian Konsaltinq" özəl şirkətində hüquqşünas işləyib.
Ü.Ağayeva 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən seçilib.
Seçildiyi zaman Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb.
AŞPA nümayəndə heyətinin tərkibində dəyişikliklərin səbəbləri barədə rəsmi açıqlama yoxdur.
Ancaq məlumdur ki, "Kürü diplomatiyası" adını almış qalmaqalda E.Süleymanov və M.Məmmədovun adları keçir.
Söhbət Avropa Sabitlik Təşəbbüsü (AST) beynəlxalq qeyri-hökumət təşkilatının araşdırmasından gedir. Araşdırmada Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı AŞPA qərarlarının qarşısının alınması məqsədilə təşkilatın bəzi üzvlərinin və avropalı siyasətçilərin ələ alınmasına dair faktlar açıqlanıb.
Həmin faktlardan digər araşdırmada - "Azərbaycan landromatı" adlı araşdırmada da danışılır. Sənəd 2017-ci ilin sentyabrında OCCRP beynəlxalq jurnalist şəbəkəsi tərəfindən dərc edilib.
AŞPA nümayəndə heyətində kadr dəyişikliyi həm də Azərbaycan hökuməti ilə Avropa Şurası arasında yaranan gərginlik fonunda baş verib. Gərginliyə Bakının siyasi məhbus İlqar Məmmədovun işi üzrə Strasburq məhkəməsinin qərarını yerinə yetirməkdən imtina etməsi səbəb olub.
Rəsmi Bakının təmsilçiləri ölkənin təşkilatdan çıxmasının mümkünlüyünü də istisna etmirdilər. Ancaq nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi hakimiyyətin AŞ-da qalmaq niyyətindən xəbər verir.
AŞPA-da nümayəndə heyətinin yeni üzvü Asim Mollazadə Turan-ın müxbiri ilə söhbətində bildirib ki, Avropa Şurasında qalmaq Azərbaycan üçün çox vacibdir.
Strasburq Azərbaycanın ərazi bütövlüyü problemini qaldırmasına imkan verən meydançadır.
A.Mollazadə qeyd edib ki, AŞ yeganə beynəlxalq təşkilatdır ki, onun qətnaməsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, etnik təmizləmə və məcburi köçkünlər barədə danışılır.
Azərbaycanın AŞPA-da nümayəndə heyətinə Səməd Seyidov (sədr), Qənirə Paşayeva (bitərəf), Fazil Mustafa (Böyük Quruluş Partiyası), Sabir Hacıyev (Vətəndaş Birliyi Partiyasının sədri), Sahibə Qafarova (Yeni Azərbaycan Partiyası), Sevinc Fətəliyeva (Yeni Azərbaycan Partiyası), Rafael Hüseynov (bitərəf), Rövşən Rzayev (bitərəf) və Vüsal Hüseynov (Yeni Azərbaycan Partiyası) daxildir.