Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Məhkəmədə zərərçəkmiş kimi tanınan Rafiq Rəsulov çıxış edib:
“Habil Vəliyev haqqımda yazmamaq üçün məndən on min dollar tələb edirdi. Hədələyirdi ki, obyektin qanunsuz yerdə yerləşir. Ancaq sənədlərim qaydasında idi. Yol qırağında yeməkxana açmışdım. Hədələrdən sonra ona 785 manat göndərdim".
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə baş redaktor zərərçəkmişin dediklərini təkzib edib.
İclasda ifadə verən zərərçəkmiş Ramiz Cəbrayılov isə deyib ki, əvvəllər rayonlardan birinin icra başçısı işləyib, H. Vəliyevdən hər hansı şikayəti, tələbi yoxdur:
"Mənə dəymiş ziyan ödənilib"
Qeyd: Ramiz Cəbrayılov Laçın rayon İcra Hakimiyyətinin başçısı olub. 2012-ci ildə Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında Yasamal rayon məhkəməsinə müraciət edən icra başçısı, baş redaktorun cinayət məsuliyyətinə cəlb edilməsini və həbs olunmasını istəyirdi. İddiaya 2011-ci ildən başlayaraq "Gündəlik Bakı" qəzetində Ramiz Cəbrayılovun fəaliyyəti ilə bağlı yazılan silsilə məqalələr səbəb olmuşdu. .Sonradan iddia geri götürüldü.
Prosesdə zərərçəkmiş Rəşid Manafov da ifadə verib. O bildirib ki, H.Vəliyev ondan min manat pul istəyib:
"Lakin mən ona üç yüz manat pul verdim. Sonradan dedi ki, davamını da verməlisən. Ümumilikdə 1800 manat pul alıb. Məni hədələyirdi ki, korrupsiya ilə məşğul olmağım barədə məqalə yazacaq. Bir neçə belə yazı da yazmışdı. İndiyə kimi də dəymiş ziyan ödənilməyib".
O da hər hansı şikayəti olmadığını deyib.
İclasda zərərçəkmiş şəxslərdən Tofiq Sadıqov da ifadə verib. Bildirib ki, H.Vəliyev barəsində yazı yazıb. Davamı yazılmasın deyə ona beş yüz manat verib. O, dəymiş ziyanın ödənildiyini deyib.
Proses yanvarın 18-də davam edəcək.
Xatırlatma
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.
Hazırda məhkəmə qarşısına çıxarılan Habil Vəliyevlə Surxay Əliyevin rəhbərlik etdiyi qəzetlər 2011-ci ildə Mətbuat Şurasının “qara siyahı”sına salınıb və “reket qəzetlər” elan olunub. 2014-cü ildə isə həmin siyahıdan çıxarılıb. Hər iki şəxs 2014-cü ilin avqustunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi müşavirədə iştirak edib.
2016-cı ildə isə onlar yenidən “reket jurnalist” kimi DTX tərəfindən həbs ediliblər.