Tikintisi 10 il çəkən Bakı-Tbilisi-Qars dəmiryolu ötən il istifadəyə verilsə də, 2018-ci ildə bu layihəyə yenidən vəsait ayrılıb.
Dövlət Neft Fondu bunu Gürcüstana ayrılmalı olan kreditin qalığı ilə izah edib və bəzi tikinti işlərinin tamamlanmadığını bildirib.
BBC Azərbaycancanın bu barədə sorğusuna cavab olaraq, Neft Fondu deyib ki, bu layihə çərçivəsində Azərbaycanın Gürcüstana 775 milyon dollar kredit xətti ayırması nəzərdə tutulub.
"Layihənin əvvəlindən bu günə qədər Dövlət Neft Fondu tərəfindən ümumilikdə 642.3 milyon dollar ödənilib, kredit xətti üzrə qalıq məbləğ 132,7 milyon dollardır".
Fond bildirib ki, dəmiryolu xəttinin istifadəyə verilməsinə baxmayaraq, Gürcüstanın yeni dəmiryolu boyu inşa edilən ərazisində layihəyə aid köməkçi və bəzi infrastruktur obyektlərin, o cümlədən yeni dəmiryolu stansiyasının tikintisi ilə bağlı işlərin tamamlanması nəzərdə tutulur.
"Kreditor tərəfindən verilmiş proqnoza əsasən, bu işlərin həyata keçirilməsi üçün Neft Fondunun 2018-ci il üçün büdcəsində 102,4 milyon ABŞ dolları və yaxud 176.1 milyon manat məbləğində vəsait nəzərdə tutulub".
Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti ötən il oktyabrın 30-da Azərbaycan, Gürcüstan və Türkiyə prezdientlərinin iştirakı ilə işə salınıb.
Neft Fondunun bu il üçün büdcəsi gəlirləri 11 milyard yarımdan çox, xərcləri 10 milyarda yaxın planlaşdırılıb.