Fələstinlilər onu müasir Janna Dark adlandırır. İsraillilər üçün isə o Pallywood - Fələstin Hollywood-unun və ya səhnələşdirilmiş Fələstin təbliğatının ulduzudur.
16 yaşlı Ahed Tamimi hazırda ən məşhur fələstinli dustaqdır. O, ötən dekabrda İsrail tərəfindən əsgərə qarşı təhqir və şiddət əsasında həbs olunub.
Çərşənbə günü hakim onun İsrail hərbi məhkəməsində baş tutacaq prosesə qədər həbsdə qalması qərarını verib.
Ona qarşı ən əsas dəlil, dekabrın 15-i lentə alınan videodur ki, geniş yayılıb və əsas media tərəfindən dəfələrlə təqdim olunub və müzakirəyə çıxarılıb.
Videoda Ahed, işğalda olan Nəbi Saleh kəndinin Qərb Sahilində yerləşən atası evinin qarşısında iki israilli əsgəri hədələyir və onlara "rədd olun" deyir.
O, əsgərləri itələyir və əsgərlərdən biri onu uzaqlaşdırır. Bunun ardından Ahed özündən böyük əmisi qızı Nur ilə birgə onlara şillə-təpik atmağa başlayır. İsrailli əsgərlər buna reaksiya vermirlər və Ahedin anası Nəriman müdaxilə edir.
İnsident Nəriman Tamiminin Facebook hesabında canlı şəkildə lentə alınırmış.
Bir neçə gün sonra, Ahed, İsrail qüvvələri tərəfindən lentə alınan gecə reydində həbs olunub. Qızının aqibəti ilə maraqlanan ana da polis bölməsində saxlanılıb.
"Bu, çox vacib bir məhkəmə işinə çevrilib," Ahedin vəkili Gabi Lasky deyir.
"İsrail-Fələstin konflikti haqqında bildikləri və ya hiss etdiklərini bütün gücləri ilə çatdırmağa çalışan o qədər insan var ki. Bunu məhkəmə otağında hiss edirsən."
"Uzun zaman idi ki, israillilər işğala baş qoşmur, onun haqqında danışmırdılar," o, davam edir.
"İşğal altında olan insanların buna qarşı mübarizə aparmaq haqqı varmı? Hə ya yox və bunun ən yaxşı yolu hanısıdır?"
'Təxribat xarakterli taktikalar'
Bir çox fələstinlilər üçün Ahed, rəqəmsal dünya fonunda milliyyətçi mübarizənin qəhrəmanıdır. Onlar Ahedi İsrail işğalı reallığına qarşı çıxan və silahsız əlləri ilə evini qorumağa çalışan şəxs qismində görürlər.
Deyilənlərə görə Ahedin bu hərəkətinə səbəb, 15 yaşlı qohumunun üzünə dəyən rezin güllədən ciddi yaralanması olub.
İsrail mediası isə əsgərlərin təmkin və ya qorxaqlıq nümayiş etdirdiyini müzakirəyə çıxarıb. İsrail Müdafiə Qüvvələri (İMQ) bildirib ki, hər iki əsgər, Nəbi Salehdə orduya və İsrail sürücülərinə daş atan fələstinlilərlə məşğul olmaq üçün göndərilən hərbçilərə daxildir.
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra, genişmiqyaslı iğtişaşlar baş qaldırıb.
Bu, Ahedin gərgin müzakirələr səbəb olan ilk videosu deyil. İsraillilər iddia edirlər ki, bu yolla onun ailəsi əsgərləri əsəbləşdirərək anti-İsrail təbliğatı aparmağa çalışır. İsrail yönlü fəallar bu cür videoları "Pallywood" adlandırırlar.
Ahed 11 yaşında böyük qardaşının həbsinə görə bir əsgəri yumruğu ilə hədələmişdi. İki il əvvəl isə o, kiçik qardaşını tutmağa çalışan əsgəri dişləmişdi.
"İndi həbsdədir və yəqin ki, etdiklərinin haqqını ödəməli olacaq və bu ona çox baha başa gələcək," baş nazir Benjamin Netanahunun Likud partiyasının üzvü millət vəkili Anat Berko deyir.
"Çox təəssüf ki, ailəsi də belə davranışın qarşısını almayıb."
"Hərəkət təbliğat xarakteri daşıyıb və bizim cəsur əsgərlərimiz Tamimi qızının bu davranışına qarşı reaksiya verməyiblər."
'Yeni nəsil'
Mən Ahed-in atası Bassem Tamimi ilə evində görüşdüm. O, özü də ictimai fəaldır və dəfələrlə İsrail tərəfindən həbs olunub. Sonuncu dəfə qeyri-qanuni etirazlarda iştirakı və insanları daş atmağa sövq etməsinə görə həbs edilibmiş.
İllər boyunca o, kəndlilərin İsrail tərəfindən işğal olunan yaşayış məntəqələrinə tərəf üz aldığı həftəlik etirazlar təşkil edib. Bu etirazlara tez-tez israilli və xarici birlik fəalları da qoşulub.
Həmin yaşayış məntəqələri beynəlxalq qanun əsasında qeyri-qanuni sayılsa da, İsrail bunu mübahisəli hesab edir.
Adətən bu cür etirazlar İsrail əsgərlərinin gözyaşardıcı qazlar sıxması və rezin güllələri atması ilə nəticələnən toqquşmalarla bitərmiş. Cənab Tamimi hər dörd övladının etirazlarda iştirakına icazə verirmiş.
2012-ci ildə uşaqların dayısı toqquşmalarda ölüb.
Bir neçə il öncə Türkiyənin o vaxtkı baş naziri Recep Tayyip Erdoğan, Ahedi ölkəsinə dəvət edibmiş. Bu yaxınlarda o, Cənubi Afrika və Avropa Parlamentində fələstinli fəal kimi çıxış edib.
"Əlbəttə ki, narahatam, amma qızımla fəxr edirəm. Xoşbəxtəm ki, o, yeni nəsil müqavimətin ruhuna çevrilə bilib və nümunəvi bir obraz yaradıb," Bassem Tamimi deyir.
O, Ahedin videolarının qurama olması fikrini rədd edir
"Deyirlər ki, bu film və ya teatrdır? Mən isə sual edirəm ki, bu tamaşanı qurmaq üçün israilli əsgərləri necə gətirə bilərik ki?" o deyir.
Hərbi məhkəmə
Fələstinli uşaqlar və israilli əsgərlər arasındakı bənzəri hadisələr Qərb Sahilində demək olar ki, hər gün baş verir.
İMQ-nə əsasən, ötən üç il ərzində gənclərin xüsusi hərbi məhkəmələrində təxminən 1400 az yaşlının işinə baxılıb.
Fələstinli hüquq qrupları İsrail sistemi barədə yüksək tənqidi fikirlər irəli sürürlər və fundamental müdafiə və ədalətli prosesin təmin olunmadığını deyirlər.
Onlar bildirirlər ki, israilli mühacirlər mülki məhkəmələrdə mühakimə olunur. Lakin İMQ-in Qərb Sahili üzrə keçmiş prokuroru Maurice Hirsch sistemi müdafiə edir.
"Fundamental haqlar hər kəs üçün eyni qaydada tətbiq olunur. İstər israilli ol, istər fələstinli," hazırda Qüdsdə yerləşən Monitor QHT üçün çalışan cənab Hirsch deyir.
"Ahed istintaqa cəlb olunub. O, istintaq əsnasında heç bir söz deməyib və sükut haqqından istifadə edib. Ahed vəkil ilə məsləhətləşmə haqqından istifadə edib."
Cənab Hirsch bildirir ki, Ahed-in həbsində ən ciddi ittiham "ictimai fikrə təsir etmək cəhdi" və "hücumlar həyata keçirmək üçün birbaşa çağırışdır".
İnternetdə yayılan videonun sonunda Ahed böyük etirazlar təşkil etməyə səsləyir və "nəticə əldə etmək üçün bunun yeganə yol olduğunu" deyir.
Eləcə də bildirir ki, bıçaqlanma və intihar hücumları da daxil olmaqla fələstinlilərə qarşı olan zorakılığın məsuliyyətini ABŞ prezidenti Donald Trump daşımalıdır.
Nəriman Tamimi də təhqir və zor tətbiqinə görə ittihamlarla üzləşib. Nur Tamimiyə qarşı isə təhqir ittihami irəli sürülüb.
Hər üçünün məhkəməsi yaxından izləniləcək. Nəticədən asılı olaraq tərəflərin mənəvi qələbə iddiası isə qaçılmazdır.