İran ədliyyəsinin rəhbərlərindən biri deyib ki, antihökumət etirazlarının liderlərinə mümkün olan ən ağır cəzalar verilməlidir.
Prezident Rohani isə bildirib ki, nümayişləri onun hakim elita daxilindəki ifrat mühafizəkar rəqibləri başlayıblar.
Rohani və ədliyyə rəhbərinin müavini Hamid Shahriari dekabrın 8-də kütləvi etiraz aksiyalarının başlanmasından iki həftə sonra danışıblar. Bu etirazlar ölkəni silkələyib və geniş beynəlxalq əks-sədaya səbəb olub.
ISNA xəbər agentliyinin məlumatına görə Shahriari deyib ki, “heç şübhəsiz hakimiyyətə qarşı həyəcanları təşkil edib arxasınca aparanlara maksimum cəza tətbiq olunmalıdır”.
İran məhkəmələrində çıxarılan hökmlərin ən ağırı edam cəzalarıdır. Bu cəza növü dövlətə xəyanət, qətl və narkotik maddə qaçaqmalçılığı kimi ittihamlar əsasında tətbiq edilə bilər.
1979-cu ildə şahın devrilməsinin ardınca ölkədə bərqərar edilmiş İslam hakimiyyətini mühafizə etmək üçün yaradılmış İslam İnqilabı Keşikçiləri Korpusu baş vermiş son etirazları dəfələrlə “üsyana təhrikçilik” kimi qiymətləndirib.
İranın dövlət mediası iddia edir ki, etiraz aksiyalarını ölkədən sürgün edilmiş Mücahedine Xəlq silahlı müxalifəti və ya şah tərəfdarı olan monarxistlər təşkil edib.
İran hökuməti həm də iddia edir ki, etirazlar Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı kimi xarici qüvvələr tərəfindən qızışdırılıb.
Bu arada İran millət vəkillərindən biri yanvarın 8-də deyib ki, polisin həbs etdiyi 22 yaşlı bir nəfər həbsxanada intihar edib.
Deputat Tayebeh Siavashi yarımrəsmi ILNA xəbər agentliyinə bildirib ki, həmin şəxsin həbsxana kamerasında intihar etdiyi barədə məlumatı hökumətdən alıb.
Yanvarın 7-də İran parlamentinin qapalı sessiyasında nümayişçilərə qarşı görüləcvək tədbirlər müzakirə olunurdu.
Parlamentin gəldiyi qərarda deyilir ki, adi etuirazçılar, xüsusilə də tələbələr azad edilməli, lakin liderlər cəzalandırılmalıdır.
Dövlət mediasının xəbərlərinə görə yanvarın 6-dan bəri yüzlərlə həbs edilmiş şəxs “bir daha etməmək” barədə iltizamı imzaladıqdan sonra sərbəst buraxılıb.
Prezident Rohani yanvarın 8-də deyib ki, İran xalqının etiraz haqqı var və “biz onların dediyinə qulaq asıb eşitməliyik”.
Rohani belə bir mülahizə irəli sürüb ki, etirazların həqiqi hədəfi onun fərdi azadlıqları genişləndirmək və Qərblə daha yaxşı münasibətlər qurmaq planlarına qarşı çıxan qüdrətli mühafizəkar ruhanilər olub.
Prezident dövlət Təsnim xəbər agentliyinə deyib: “Onların yalnız iqtisadi tələblər irəli sürdüyünü söyləmək yanlış, həm də İran xalqına təhqir olardı. Adamların iqtisadi, siyasi və sosial tələbləri vardı. Biz sadəcə olaraq qəbul etməliyik ki, son sözü xalq deyir”.
***
İranın xarici işlər nazirini digər ölkələrə xəbərdarlıq edib ki, ölkəsində təhlükəsliyə hədə yaratmasınlar.
Mohammad Javad Zarif son iki həftənin antihökumət etirazlarını xarici kəşfiyyat xidmətlərinin qızışdırmasıyla bağlı İran hökumətinin iddiasını bir daha dilə gətirib.
Zarif yanvarın 8-də Tehranda təhlükəsizlik konfransında deyib ki, “heç bir ölkə qonşuları arasında təhlükəli durum yaratmaqla özünə təhlükəsiz mühit yarada bilməz”.
Rəsmi IRNA agentliyi Zarif-ə istinadla yazır ki, “belə cəhdlərin yalnız əks təsiri olacaq”.
Birləşmiş Ştatlar Vaşinqtonun bu etirazların arxasında durmasına dair İranın iddialarını rədd edib. Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) rəhbəri Mike Pompeo yanvarın 7-də deyib ki, agentliyin etirazlarda heç bir rolu olmayıb.
Prezident Donald Trump etirazçıları alqışlamış, uyğun zamanda Vaşinqtonun onları dəstəkləyə biləcəyini demişdi.