"The Independent" qəzetinin Suriyanın şimalındakı Afrin bölgəsində olan müxbiri, tanınmış jurnalist Robert Fisk bu münaqişəni "köhnə kirli müharibə" adlandırır.
O yazır ki, əslində Türkiyənin zəlzələ gücündə hücumundan qorxmalı olan Afrində restoranlar və mağazalar açıqdır, taksilər küçələrdə müştəri gözləyir, kürd döyüşçülər isə ara-sıra gözə dəyən buraxılış məntəqələrində keşik çəkirlər.
Fisk yazır ki, bir çox xəbər agentliklərinin və başqalarının bu barədə yazmasına baxmayaraq ruslar hələ də, ən azı gündüzlər Afrinin küçərlərindədirlər.
Jurnalist qeyd edir ki, Rusiyaya məxsus zirehli maşını Afrinin küçələrində öz gözləri ilə görüb. Bu maşının üzərində ərəbcə və rusca "hərbi polis" sözlərini oxuyub və ikibaşlı qartal emblem onun nəzərindən qaçmayıb. Bir sözlə ruslar Afrindədirlər.
"Onlar gah gözə dəyir, gah da qeyb olurlar" - yazır Fisk.
"Kürdlərin xalqı qorumaq üçün elə də silah-sursatı olmayan Xalq Müdafiə Qüvvələri - YPG birləşməsinin verdiyi məlumata görə, "Rusiya əsgərləri böyük bazanı tərk etsələr də, şəhərə baş çəkməkdə davam edirlər".
Məqalədə deyilir ki, ruslar havada olduğu kimi, quruda da Türkiyə ordusunun əslində hara qədər getmək niyyətində olduğunu monitorinq edirlər.
"Türkiyə ordusu hələlik "qoyun dərisi geyinmiş canavardan çox, qoyun dərisi geyinmiş qoyunu" xatırladır" - yazır Fisk.
Kürdlər deyirlər ki, onların Afrindən şimalda yalnız bir neçə tankı gözə dəyib. Türkiyənin dəstəklədiyi "fantastik" Azad Suriya Ordusunun döyüşçüləri isə ümumiyyətlə gözə dəymirlər.
Məqalədə deyilir ki, Afrin şəhərinin özünə bir mərmi də düşməyib, burada heç bir dağıntı yoxdur. Müharənin qurbanları Afrinlə Türkiyə sərhədindəki kəndlərdə verilib.
Kürdlər "şəhidləri" Afrinin cənubundakı fəxri qəbristanlıqda dəfn edirlər.
Fisk-in yazdığına görə, hətta YPG də yaxşı bilir ki, Türkiyə prezidenti ixtiyarındakı qüvvələri doğrudan da Afrinin üstünə göndərsə, şəhəri yarımca saata ala bilər… Yəqin ki, Erdoğana qarşı çevriliş cəhdinə görə həbs olunmayıb azadlıqda qalan zabitlər kifayət qədərdir.
Fisk yazır ki, Afrinə Suriya tərəfdən gələndə Suriya hökumət qoşunlarının son postunda qırmızı-ağ-qara bayraqlar, habelə prezident Bəşər Əsədin, onun qardaşı Mahir Əsədin, Hizbullah lideri Həsən ən-Nəsrullahın, "pələng" ləqəbi ilə tanınan polkovnik Süheylin portretlərini görmək olar.
Keçid məntəqəsinin kürdlərə aid hissəsində isə mövcud olmayan Kürdüstanın bayrağı dalğalanır. Buradaca Abdullah Öcalanın böyük portreti asılıb.
Suriya kürdləri PKK ilə əlaqələrini inkar etsələr də, bildirirlər ki, Öcalanın bir çox baxışlarını qəbul edirlər.
Fisk yazır ki, Afrindəki xəstəxananın qəbul salonunda da Öcalanın portreti aslılıb.
Məqalədə deyilir ki, bu şəhərin necə maliyyələşdirildiyini bilmək olmur. Hərçənd yerli adamlar bunun vergilərin hesabına edildiyini deyirlər.
Fisk-in fikrincə, şəhərin "nəzarət" altında olduğu görünür. Buradakı kürdlər ruslarla yaxşı münasibətlərini qoruyub saxlayılar. Qollarında ağ-qırmızı-mavı nişanlar olan rus hərbçiləri şəhərə hər gün baş çəkirlər.
Onlar Türkiyəyə hücum icazəsi versələr də, Türkiyə silahlı qüvvələrinin hərəkətinə nəzarət etmək üçün burada qalıblar.