Yapon dənizində itkin düşmüş Rusiyanın Vostok gəmisinin axtarışını həyata keçirən əməliyyat qrupu iki xilasetmə salının aşkar olunduğunu bildirir.
Rusiyanın şərqindəki Nevelsk limanına aid balıqçı gəmisilə əlaqə yanvarın 25-də kəsilib.
Hadisə baş verərkən Vostok Koreyadan Rusiyanın Saxalin vilayətindəki Xolmsk limanına doğru hərəkət edirmiş.
Gəmidə 21 nəfər olub, onlardan iki nəfər azərbaycanlı Rusiya vətəndaşıdır. Nevelsk şəhərindəki Azərbaycan icmasının nümayəndəsi Camalxan Kərimov bildirib ki, 46 yaşlı Mübariz Hüseynov əslən Salyandan, 27 yaşlı Ruslan Əlizadə isə Mingəçevirdəndir.
Yanvarın 27-də havadan müşahidə vaxtı tapılan hər iki sal xilasetmə gəmilərinə qaldırılıb, İnterfax agentliyi xəbər verir.
Rusiya axtarış qrupu onların boş və istifadə edilməmiş halda olduğunu bildirir.
Məlumata görə gəmidə 4 xilasetmə salı olub.
Artıq bir neçə gündür ki, davam edən ağır hava şəraiti axtarış-xilasetmə əməliyyatlarının ləngiməsinə səbəb olub, rəsmilər bildirir.
Hazırda axtarışa bir neçə gəmi və aviasiya cəlb olunub.