“İl təzə başlayıb və Azərbaycan məhkəmələri artıq iki hökumət tənqidçisini siyasi motivli ittihamlarla təqsirli bilib".
Bunu yanvarın 25-də “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia yazır.
"Bu həftə rayon məhkəməsi müxalifətin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlını 3 illik həbsə məhkum edib. Yanvarın əvvəlində isə başqa bir məhkəmə jurnalist və siyasi fəal Əfqan Muxtarlıya altı il həbs cəzası kəsib”,- deyə Gogia bildirib.
Bayramlı və Muxtarlı 2017-ci ilin mayında Gürcüstanla sərhəddə saxlanılıblar. Sərhəd xidməti Gürcüstandan müalicədən qayıdan Bayramlının çantasından 12 min dollar bəyan edilməmiş pul tapıldığını, Bayramlı isə pulun onun çantasına atıldığını bildirir.
AXCP-nin 10 üzvü və azı 11 jurnalist
2015-ci ildə ailəsi ilə birlikdə ölkədəki təzyiqlər ucbatından Gürcüstana qaçmış Muxtarlı isə mühacirətdən də Azərbaycanda hökumət səviyyəsində korrupsiyadan yazırdı. O, mayın 29-da naməlum şəxslər tərəfindən Tbilisində oğurlanaraq Azərbaycana gətirilib. Jurnalistə də pul qaçaqmalçılığı, sərhədi qanunsuz keçmə, hökumət nümayəndəsinə müqavimət ittihamları irəli sürülüb. Muxtarlı ittihamların onun peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.
“Azərbaycanda AXCP-nin azı 10 üzvü və azı 11 jurnalist qanunsuz olaraq həbsdədir.
Hakimiyyət Bayramlını və Muxtarlını azadlığa buraxmalı, onların qanuni fəaliyyətini müdaxiləsiz davam etdirməsinə imkan verməlidir. Bakının beynəlxalq tərəfdaşları da onların buraxılması, vətəndaş cəmiyyətinə təzyiqlərə son qoyulmasından ötrü davamlı mövqe sərgiləməlidir”, – Gogia yazır.
Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi motivlərlə həbs olunmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir. Beynəlxalq qurumların ölkədə insan haqlarının durumunun pisləşməsiylə bağlı tənqidlərinə gəlincə, hakimiyyət bunu ölkəyə qarşı qarayaxma, təzyiq kampaniyası kimi xüsusi təşkil olunduğunu, müəyyən dairələr tərəfindən idarə edildiyini bildirir.