Ədliyyə Nazirliyi Heydər Əliyevin və İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı foto-stend yaratmağı “Yaz Tepe Corporation” şirkətinə tapşırıb.
Bu şirkətin direktoru eyni gündə, eyni ünvanda yaradılan beş şirkəti idarə etməyə başlayıb. Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində qurulacaq stend dövlətə 13 min 525 manata başa gələcək. “Yaz Tepe Corporation” MMC ilə müqavilə noyabrın 22-də imzalanıb. Müqavilə haqqında məlumat ötən həftə açıqlanıb. “Yaz Tepe Corporation” MMC 26 may 2017-ci ildə təsis edilib. O, Bakı şəhəri, Əmircan qəsəbəsi, ev 4, mənzil 4 ünvanında yerləşir. MSK-ya görə, hazırda həmin ünvanda İonovlar yaşayır. Bu şirkətlərin direktoru Mənsur Mənsur oğlu İonovdur. İonovun özünün harada qeydiyyatda olduğu məlum deyil. Şirkətin təsisçiləri, eləcə də təcrübəsi barədə də məlumat yoxdur. Həmin ünvanda “Electro Company”, “Zefer Ltd”, “Zefer Insaat Co” və “Xezer AA” şirkətləri qeydiyyata alınıb. Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, “Xəzər AA” MMC dövlətdən böyük bir sifariş ala bilib. Şirkət noyabrın 15-də Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın tarixinə, mətbəxinə, adət-ənənələrinə, turizm potensialına, klassik və müasir memarlıq abidələrinə və Qarabağa dair 7 dildə informasiyaların hazırlanması və gündəlik ən çox müraciət olunan elektron ensiklopediyada yerləşdirilməsi işləri üzrə 46 min 920 manat məbləğində müqavilə bağlayıb. Bir qayda olaraq, bir günlük şirkətlər müxtəlif xidmət və işlərin aparılması, malların satın alınması adı ilə dövlət büdcəsinin vəsaitlərini mənimsəmək üçün yaradılır: Heydər və İlham Əliyevin foto stendləri “daxili resurslar” hesabına yenilənəcək və saytlarda məlumatların yerləşdirilməsi ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları məşğul olacaq.