AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim Cinayət Məcəlləsinə edilən dəyişiklikləri nəzərə alıb, işinə yenidən baxılması üçün məhkəməyə müraciət edib. Bu haqda onun oğlu Turan İbrahim məlumat verib.
16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M.İbrahimin müraciətinə Suraxanı Rayon Məhkəməsində baxılacaq.
M.İbrahim bundan əvvəl də azadlığa buraxılmaq üçün iki dəfə məhkəməyə müraciət edib. Birincidə cəzanın 1/3-ini, ikincidə isə yarıdan çoxunu çəkdiyini əsas gətirərək, vaxtından öncə azadlığa buraxılmasını istəyib. Amma hər ikisində ona «yox» deyilib. Birinci məhkəmədə 16 Saylı Cəzaçəkmə Müəssisəsinin dəstə rəhbəri Tacəddin Məsimov demişdi ki, M.İbrahim «heç öz yerini yığmır, bir dəfə əlinə süpürgə alıb, müəssisədə yeri süpürməyib, ona görə islah olunmuş sayıla bilməz». 2017-ci il dekabrın 26-da keçirilən ikinci məhkəmə də M.İbrahimin «hələ islah olunmadığı» nəticəsinə gəlmişdi.
Xatırlatma
M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci ilin sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub.
Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.