''Ölkəni qaçaqmalçılıq və korrupsiya üzrə ''dünya çempionları'' idarə edir''

''Ölkəni qaçaqmalçılıq və korrupsiya üzrə ''dünya çempionları'' idarə edir''
10 Yanvar 2018
Mətni dəyiş

“Qaçaqmalıçılıq və korrupsiya üzrə “dünya çempionlarının” idarə etdiyi ölkədə məni qaçaqmalçılığa görə ittiham eləyirlər. Kimi ittiham eləyirsiniz, kimi?”

AXCP sədrinin müavini Gözəl Bayramlı məhkəmədəki çıxışı zamanı həbsinə belə etiraz edib.

Yanvarın 10-da Qazax rayon Məhkəməsində Gözəl Bayramlının növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə cinayət işi üzrə sənədlər elan olunub.

İki ekspert rəyi

Hakim iki ekspert rəyini elan edib. Onlardan biri Gözəl Bayramlının çantasından tapıldığı iddia olunan 12 min dollar yüzlük əskinasların qanunauyğun şəkildə çap edilməsi, saxta olmaması haqda olub. Digər rəydə isə xanım Bayramlı müayinə olunarkən üzərində xəsarət izinin aşkarlanmadığı yazılıb. Prosesdə “Sınıq körpü” gömrük-keçid məntəqəsində gömrük əməkdaşı Alidə Əzizovanın iştirakı ilə tərtib olunmuş, malların yoxlanmasına dair protokol da elan olunub. Sənəddə G.Bayramlıya aid bir ədəd çanta və içindəki dörd cüt ayaqqabıdan, dərmanlardan və yüz ədəd ardıcıl, 20 ədəd isə müxtəlif seriyalı yüzlük dollar əskinaslarından bəhs olunur.

Dolların məzənnəsi haqda Mərkəzi Bankdan alınmış arayış, Gözəl Bayramlının haqqında əvvəllər cinayət işi başlanmaması, saxlandıqdan sonra Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülərkən üzərində heç bir xəsarət olmaması haqda sənədlər də elan olunub.

“Telefon danışıqları elan olunsun”

Prosesdə Gözəl Bayramlının gömrük-keçid məntəqəsində saxlandıqdan sonra telefon danışıqları haqda məlumat da elan olunub. İş materialında göstərilib ki, G.Bayramlı saxlandıqdan sonra ona yaxınları ilə əlaqə yaratmağa imkan verilib. Belə ki, o, saxlandıqdan sonra AXCP sədri Əli Kərimli, Gürcüstana gedib-qayıdarkən onunla yol yoldaşı olmuş Almaz Rəhimova və partiyanın Qadınlar Şurasının sədri Solmaz Hüseynova ilə əlaqə saxlayıb. Almaz Rəhimova AXCP sədrinin müavini olmuş mərhum Həsən Kərimovun həyat yoldaşıdır. G.Bayramlı isə deyib ki, çantasına bağlama atıldığını görən kimi özü tez Əli Kərimliyə zəng edərək, bu haqda məlumat verib. Bildirib ki, nəsə atdılar, amma nə olduğunu bilmir. Həmin vaxt ətrafdakılar ona mane olmağa çalışıblar, amma qısa da olsa, baş verənləri çatdıra bilib. Sonra xeyli vaxt ona əlaqə saxlamağa icazə verilməyib. Yalnız təhqiqatçı gələndən sonra gecə saat 1 radələrində qohumlarına zəng etməyə icazə verildiyi deyilib. Qardaşının isə səhhətində problem olduğuna görə Solmaz Hüseynovaya zəng edərək məlumat verib. G.Bayramlı həmin vaxt Ə.Kərimli və digərləri ilə telefon söhbətlərinin də açıqlanmasını istəyib: “Mənim telefonum “Samsung” markalıdır və onda danışıqların avtomatik səsyazma funksiyası var. Mənim həmin gün Əli bəylə, Solmaz xanımla danışıqlarım da telefonun yaddaşındadır. Xahiş edirəm, elan olunsun”.

Vəsatət təmin olunmadı

Prosesdə müdafiə tərəfi Gözəl Bayramlının təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı vəsatət verib. Vəkil Elçin Sadıqov deyib ki, DSX-nın 26 may 2017-ci il tarixdə G.Bayramlı haqda verdiyi bəyanat iş materiallarına əlavə edilməlidir. Onun sözlərinə görə, DSX bəyanatı 26 may saat 13.25-də yayıb: “Həmin vaxt Gözəl Bayramlı heç təqsirləndirilən şəxs deyildi, ona ittiham elan olunmamışdı. DSX-nın bəyanatında isə öncədən CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmasından söhbət gedir. Bu bəyanatdan altı saat sonra eyni maddə ilə Gözəl Bayramlıya ittiham verilib”. Elçin Sadıqov məhkəmədən xahiş edib ki, DSX-nın bu addımı G.Bayramlının təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi qiymətləndirilsin.

Vəsatətə münasibət bildirən Gözəl Bayramlı deyib:

“Qaçaqmalıçılıq və korrupsiya üzrə “dünya çempionlarının” idarə etdiyi ölkədə məni qaçaqmalçılığa görə ittiham edirlər”.

Lakin vəsatət təmin olunmayıb.

G.Bayramlı son günlərdə bir neçə gəncin intiharı haqda məlumat aldığını və bundan çox üzüldüyünü deyib. O, gənclərə müraciət edib:

“Amandır, intihar etməyin, mübarizə aparın”. Proses yanvarın 23-nə qədər təxirə salınıb.

“Bu həbs sifarişdi, quramadı”

Məhkəmə prosesində iştirak edən AXCP sədri Əli Kərimli Meydan TV-yə açıqlamasında vurğulayıb ki, prosesdə G. Bayramlının həbsinin əvvəlcədən planlaşdırıldığı üzə çıxıb: “Cinayət işində vəkil olduqca prinsipial bir məqamı ortaya çıxarıb. Məlum olub ki, Gözəl Bayramlıya qarşı cinayət işi başlanmazdan, ona qarşı ittiham irəli sürülməzdən 6 saat qabaq artıq Dövlət Sərhəd Xidməti bəyanatla onun gələcəkdə hansı maddə ilə necə ittiham olunacağını bildirib. Hələ cinayət işi açılmayıb, ittiham irəli sürülməyib, amma Dövlət Sərhəd Xidməti məhz 206.1-ci maddə ilə ona ittiham irəli sürüləcəyini bəyan eləyib. Deməli, bu həbs sifarişdi, quramadı”.

Xatırlatma

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib. Daha sonra bu müddət iki dəfə uzadılıb.

Gözəl Bayramlı həbsinin siyasi sifariş olduğunu, pulların ona aid olmadığını, Gürcüstana müalicə məqsədilə getdiyini bildirib.

G.Bayramlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaqı artıq başa çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun