Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi

Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi
23 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 23-də Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının növbəti məhkəmə iclası keçirilib.

Abzas.net xəbər verir ki, məhkəmə hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilib.

Məhkəmədə vəkil Elçin Sadıqov istintaqın davam etməsi və sübütların araşdırılması ilə bağlı vəsatət verdi.

Hakim vəsatəti təmin etmədi.

İclasda növbə çıxışlara gəldi. Dövlət ittihamçısı çıxış edib və sonda Gözəl Bayramlının 4 il müddətinə həbs olunmasını istəyib.

Vəkil Elçin Sadıqov çıxışında bildirdi ki, məhkəmə xeyli qanun pozuntuları ilə yadda qalıb, onların vəsatətləri qəbul edilməyib, sübütlar araşdırılmayıb.

Daha sonra Gözəl Bayramlı son sözlə çıxış edib. O bildirib ki, ona qarşı irəli sürülən ittihamlar absurddur və uydurmadır. Gözəl Bayramlı həbsinin siyasi fəaliyyəti ilə əlaqəli olduğunu, İlham Əliyevi və onun ailəsini tənqid etdiyi üçün həbs olunduğunu bildirib:

"Mənim özümü müdafiə etməyə ehtiyacım yoxdur. Azərbaycan xalqı məni də, ölkədən 150 milyard dollar oğurlayan ölkə rəhbərliyini də yaxşı tanıyır. Bizim 100 illik demokratik Cümhuriyyət ənənəmiz var və inanıram ki, Azərbaycan xalqı öz layiq olduğu hakimiyyəti formalaşdıracaq".

Hakim bir neçə dəfə Gözəl Bayramlının sözünü kəsməyə cəhd etsə də, o sözünə davam edib. Sonda, hakim Gözəl Bayramlını sözünü yarımçıq saxlayaraq müşavirəyə gedib.

Müşavirədən qayıdan məhkəmə Gözəl Bayramlının 3 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Xatırlatma

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib. Daha sonra bu müddət iki dəfə uzadılıb.

Gözəl Bayramlı həbsinin siyasi sifariş olduğunu, pulların ona aid olmadığını, Gürcüstana müalicə məqsədilə getdiyini bildirib.

G.Bayramlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaqı artıq başa çatıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun