Vəkil Fəxrəddin Mehdiyevin də vəkillik fəaliyyəti dayandırıldı.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti yanvarın 22-də bu haqda qərar çıxarıb. Qərara əsasən, F.Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib.
F.Mehdiyev haqqında qərar verilən toplantıda onun özü iştirak etməyib.
F.Mehdiyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin mətbuatda dərc olunmuş müsahibəsinə görə cəzalandırılıb.
Rəyasət Heyətinin iclasında C.Hacıyevin digər vəkili Aqil Layıcovun da məsələsi müzakirə olunub. Özünün iştirakı olmadan ona da töhmət verilib.
F.Mehdiyev AzadlıqRadiosu-na həm özü, həm də həmkarı Aqil Layıcov haqqındakı qərarın əsassız olduğunu deyib. Bildirib ki, onun fəaliyyətinə xitam verilməsi məsələsi məhkəmə müstəvisində mübahisələndiriləcək.
"Məni Cahangir Hacıyevin açıqlamasını mətbuata verməkdə ittiham edirlər. Halbuki, bu əməldə heç bir qanunsuzluq yoxdur. Hüquqlarımı müdafiə etdiyim şəxsin ünvanına ittihamlar, təhqiramiz ifadələr səsləndirilib, onun da cavab vermək, özünü müdafiə etmək haqqı var. Qanunun imkan verdiyi üsullardan istifadə edərək, onu müdafiə etmək vəkil kimi mənim borcumdur", - F.Mehdiyev bildirib.
F.Mehdiyev C.Hacıyevlə yanaşı, həm də bir sıra ictimai-siyasi fəalların, o cümlədən Müsəlman Birliyi" hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Əli Kərimlinin qaynı Elnur Seyidovun da vəkilidir.
Son illərdə bir neçə tanınmış vəkilin - Xalid Bağırov, Əlayif Həsənov, Müzəffər Baxışov, Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Vəkillər Fəxrəddin Mehdiyev və Yalçın İmanov Baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırılıb.