Heyvanlarla pis rəftara görə İordaniya şəhərinin boykotuna çağırış

Heyvanlarla pis rəftara görə İordaniya şəhərinin boykotuna çağırış
25 Yanvar 2018
Mətni dəyiş

Heyvan hüquqlarının müdafiəsi üzrə qrup İordaniyanın tarixi Petra şəhərində iş üçün istifadə edilən heyvanlarla pis rəftara görə turistləri qədim şəhərə səfərdən imtina etməyə çağırır.

Heyvanlarla Etik Davranan İnsanlar qrupunun çağırışı ötən həftə başqa qrupların yaydığı bəyanatdan sonra yayılıb.

Bundan əvvəl heyvanların müdafiəsi üzrə Peta qrupu heyvanların pis rəftarına son qoymaq məqsədilə beynəlxalq kampaniyaya başlayıb.

Petaya əsasən at, eşşək və dəvələr su, yem və habelə kölgəlik olmadan, aşırı qızmarda döyülür və turistləri daşımağa məcbur edilir.

İordaniya və beynəlxalq qruplar vəziyyəti yaxşılaşdırmaq məqsədilə heyvanların sahibləri ilə iş aparıldığını deyirlər.

Ehtiyat edilir ki, turistlərin geri çəkilməsi heyvan sahiblərini gəlirlərdən məhrum edərək qeyri-səmərəli nəticə verə bilər.

Petra şəhəri dünya möcüzələrinə aid yerlərdən biridir.

Qayalıqda ovulmuş qədim Nəbatilər şəhərinə dar dəhlizdən keçən qəfil giriş insanı heyran etməyə bilməz.

Petra İordaniya turizm sənayesinin tacıdır.

Lakin uzun müddətdir ki, burada istifadə edilən 1300-dən artıq heyvanla rəftar narahatlığa səbəb olur.

Dağın qoynundakı qayalıqda yerləşən Ehrama aparan yoxuşda 900 pilləkən var. Buraya turistləri eşşəklər daşıyır.

Qədim şəhər boyunca insanların istifadə etdiyi at, eşşək və dəvələr bəzən arabalara qoşulur. Bu heyvanlar kölgə, yem və su çatışmazlığı ilə bağlı əziyyətlərə dözməli olur.

Heyvanların müdafiəsi üzrə İordaniya qrupları ilə onların beynəlxalq tərəfdaşları Unesco-nun Dünya irsinə aid etdiyi sahədə heyvanların vəziyyətinin yaxşılaşdırılmasına yönələn səylər göstərir.

Lakin Peta irəliləyişin kifayət etmədiyini hesab edir.

Ötən il təşkilat, bir çox heyvanda, o cümlədən zəncir və kəndirin bağlanması nəticəsində əmələ gəlmiş dərin yaraları əks etdirən görüntülər yaymışdı.Hazırda Peta İordaniya hökumətini qərarlı addımlara səsləyir.

Təşkilat hesab edir ki, turist sahələrində heyvanlar xüsusi nəqliyyat vasitələrilə əvəz olunmalıdır.

Şirkət və otel sahibləri heyvanlara pis rəftar göstərən sahələrdə vəziyyət düzələnədək turları dayandırmağa səslənir.

Bu arada Unesco tarixi abidələrin yerləşdiyi sahədə mühərrikli nəqliyyatın arzuolunmaz olduğunu bildirib.

İordaniyanın Princess Alia Foundation təşkilatı və heyvanların müdafiəsi üzrə Four Paws beynəlxalq xeyriyyə cəmiyyəti vəziyyəti yaxşılaşdırmaq naminə bütün tərəflərlə işləməyə hazır olduğunu bəyan edir.

Bununla yanaşı Petrada istifadə edilən atların vəziyyətini yüngülləşdirmək üçün xeyli işin görüldüyü qeyd olunur.

Buraya yeni tövlələrin tikilməsi, yem, su və heyvanı daha az incidən yəhər və qoşqu daxildir.

Lakin hesab olunur ki, turistlər çəkilərsə bu, yerliləri gəlir mənbəyindən məhrum edə bilər.

Bu isə öz növbəsində iş üçün istifadə olunan heyvanları və onlar hesabına dolanan bədəvi icmasının durumunu daha da ağırlaşdıra bilər.

Peta hesab edir ki, heyvanların vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər gözdən pərdə asmaqdır.

O deyir ki, heyvanlarla pis rəftar halları barədə şikayət etmək üçün e-mail-i aktiv olmayan saytın ünvanı göstərilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun