Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilmiş və çoxsaylı cinayət faktları qeydə alınıb.
DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.
Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.
Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir.