Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Ankarada keçirdiyi mətbuat konfransında prezident seçkiləri ilə bağlı planlarını açıqlayıb.
Türkiyə mətbuatının məlumatına görə, Bahçeli seçkilərdə indiki prezident Recep Tayyip Erdoğanı dəstələyəcəklərini bildirib.
“Prezident seçkisində Recep Tayyip Erdoğanın namizədliyini dəstəkləmək barədə qərar qəbul edəcəyik”, - deyə, MHP lideri bildirib.
Uzun illər parlamentdə müxalif partiya kimi təmsil olunan MHP-nin sədri Konstitusiya ilə bağlı referendum zamanı da Erdoğanla iş birliyi etdiklərini və buna davam etmək niyyətində olduqlarını bildirib:
"Konstitusiya islahatı ilə bağlı referendumda birlikdə hərəkət etdik. Bunun Türkiyənin xeyirinə olacağına inanırdım və nəticəsi də gözlədiyimiz kimi oldu. Prezident seçkisində də bir mövqedən çıxış etməyin Türkiyənin xeyrinə olacağını düşünürəm".
Bahçeli bildirib ki, MHP-nin seçkidə namizədi olmayacaq:
"MHP-nin prezidentliyə namizdi yoxdur, partiyanın sədri namizəd olmayacaq. MHP parlament seçkilərində ya ittifaq halında, bu olmazsa, özü təkbaşına iştirak edəcək. Prezident seçkisində isə Recep Tayyip Erdoğanı dəstəkləməyi qərara alacağıq".
Türkiyədə prezident seçkisinin 2019-cu il noyabrın 3-də keçiriləcəyi gözlənilir.