Hikmət Hacızadə, FAR CENTRE Prezidenti Azərbaycan
Biz varlı olduğumuz üçün azad deyilik, azad olduğumuz üçün varlıyıq (ABŞ Prezidenti, Cimmi Karter)Bu gün biz günbəgün artan daxili və xarici problemləri həll etməyə qadir olan siyasi və iqtisadi sistemin quruluşu mövzusuna qayıtmaq məcburiyyətindəyik.
Təəssüf ki, planlı və birpartiyalı sovet sisteminin süqutundan sonrakı xoşbəxt zaman dilimi geridə qaldı, o qısa zamanda gələcəyimizi hansı yolla quracağımız hamımıza bəlli idi... Hamı bu fikirlə razılaşırdı ki, bizə liberallaşma, mərkəzsizləşmə, azad bazar, söz azadlığı və siyasi plüralizm lazımdır...
İndi isə, sovet sistemindən, keçmiş sovet respublikalarının hakim dairələrinin "demokratiya" və "bazar" adlandırdığı sistemə keçidin nəticələri hamını məyus edir. Birdən, hər bir vətəndaş, hər bir ailə çiyinlərində həyat yolunu seçmək kimi böyük məsuliyyət daşımağa başladı, əvvəllər isə bunu hər şeyi bilən və qüdrətli dövlət bizim əvəzimizə həll edirdi. Bundan əlavə, dünyada həyat tempi dramatik şəkildə artmışdır. Artıq belə bir təəssürat yaranır ki, insanın psixofizioloji qabiliyyəti, günbəgün artan informasiya axınları ilə və insanın stabil həyatına qarşı təhlükələrlə bacara bilmir.
Belə bir vəziyyətdə adi vətəndaşların gözləri getdikcə sovet sosializminin "qızıl dövrünə" döndü, hansında ki, heç bir rifah və azadlıq olmamasına baxmayaraq, sabitlik və hamıya aydın həyat perspektivi var idi. Hər bir halda, insan onun ətrafında baş verənləri başa düşə bilirdi və televiziyada xəbərlərə baxanda, bu gün olduğu kimi başını itirmirdi.
Bəzilərimiz avtoritar sabitliyin "qızıl dövrünə" dönmək istəyirlər: axı avtoritar Çin və ya yarı-avtoritar Sinqapur və ya Fars körfəzinin monarxiya dövlətləri inkişaf edir! Orada mülki qarşıdurma yoxdur, korrupsiya azdır və elə görünür ki, işsizlik də yoxdur. Bəli, avtoritarizmdə insanların özünüifadə azadlığı hüquqlarının pozulmasına yol verilir... Qoy olsun, bəlkə belə daha yaxşı və daha təhlükəsizdir?
Amma unutmayaq ki, günümüzün çətinlikləri - iqtisadi və siyasi rəqabət şəraitində yaşamaq, münaqişələri sülh yolu ilə həll etmək, daimi ictimai fəallıq göstərmək kimi qabiliyyətlərin cəmiyyətimizdə çatışmaması, məhz bizim keçmiş "qızıl dövrümüz" və totalitar, daha sonra isə avtoritar sistemdə aldığımız yetmiş illik tərbiyəmizdən qaynaqlanır.
İkincisi, dünya tarixi, sakit yaşamağın mümkün olduğu avtoritarizmin sonda necə dövləti dağılmağa doğru aparmasının nümunələri ilə doludur.
Və nəhayət, üçüncüsü, xatırlamaq lazımdır ki, biz bu planetdə tək deyilik, dünyada daimi ölkələrarası rəqabət və qarşıdurmalar mövcuddur. Əgər azadlıqdan və iqtisadi rəqabətdən və beləliklə inkişafdan imtina etsək, belə inkişaf istiqamətini seçmiş ölkələrin bizim üzərimizdə hökmranlıq etməsi qaçılmazdır.
Haqlar və azadlıqlar olmadan inkişaf
Xəyali olaraq, sakit həyat tərzi və gələcəyə möhkəm inam arzusunda olan, plüralizmin və rəqabətin əleyhdarları ilə müzakirəni davam etdirək, onların avtoritar rejimlərin uğurları barədə arqumentlərini nəzərdən keçirək.
Diqqətlə araşdırdıqda məlum olur ki, yalnız o avtoritar ölkələr müvəffəqiyyətlə inkişaf edir ki, onlarda müəyyən insan hüquqları və azadlıqları hələ də təmin edilməkdədir. Məlum olduğu kimi, insan hüquqları əsasən vətəndaş və sosial-iqtisadi hüquqlara bölünür. Bütün bu hüquqların pozulduğu Kuba və ya Şimali Koreya kimi ölkələrdə heç bir inkişaf müşahidə edilmir və bu ölkələr tam bir süqut ərəfəsindədir. Vətəndaş hüquqlarının pozulduğu, lakin eyni zamanda iqtisadi hüquqların (şəxsi mülkiyyət, əqli mülkiyyət hüquqları, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ, sərbəst fəaliyyət hüququ, məcburi əməyin qadağan edilməsi və s.) təmin edildiyi avtoritar ölkələrdə həqiqətən inkişaf müşahidə olunur, ancaq tarixi təcrübə göstərir ki, bu inkişaf müvəqqəti və qeyri-stabil xarakter daşıyır. Öz-özlüyündə, bazar münasibətlərinin tətbiqi hələ stabil inkişafa təminat vermir. Bərabərhüquqlu və ədalətli iqtisadi rəqabəti təmin etmək üçün sistemin onları təmin edəcək demokratik institutları olmalıdır.
Adətən, iqtisadçılar arasında, onların peşəkar vərdişlərinə görə, belə bir yanaşma hakimdir ki, düzgün şəkildə təşkil olunmuş iqtisadiyyat özü sistemin ümumi demokratikləşməsinə gətirib çıxarmalıdır. Lakin, çox sayda tarixi nümunələr göstərir ki, iqtisadi hüquqlar və davamlı inkişaf siyasi plüralizm olmadan mümkün deyil. Çünki, siyasi plüralizm özündə iqtisadi hüquqların toxunulmazlığını, iqtisadi kursun tənzimlənməsini və sistemin korrupsiyaya qarşı qorunmasını nəzərdə tutur.
Cənubi Koreya, Tayvan və Çili kimi avtoritar rejimlər, davamlı inkişaf və beynəlxalq arenada uğur qazanmaq üçün siyasi liberallaşma prosesinə başlamışlar. Bazar iqtisadiyyatına malik olan, lakin, bazarı demokratik institutlarla dəstəkləməyə qadir olmayan ölkələr isə durğunluq yaşayırlar; bura demək olar ki, bütün ərəb ölkələri, eləcə də Zimbabve, Anqola, Konqo, Haiti, Liberiya, Nepal, Syerra Leone və s. Aid etmək olar.
Yuxarıda qeyd olunanlara misal olaraq, XIX əsrdə Qərbi Avropada və ABŞ-da formalaşan və bütün bazarı əlinə alıb öz qiymətlərini diktə edən monopoliyaları misal göstərmək olar. Lakin, cəmiyyət, bu ölkələrdə tarixən formalaşmış demokratik institutlara əsaslanaraq, antiinhisar qanunvericiliyini tətbiq edərək, bütün bu yırtıcıların gücünü məhdudlaşdırdı. Əgər cəmiyyətdə siyasi azadlıqlar olmasaydı, inhisarçılar tezliklə azad bazar prinsiplərinə son qoyacaqdı, bu da, öz növbəsində milli iqtisadiyyatın dağılmasına səbəb olacaqdı.
Qeyd edək ki, monopoliyalara qarşı mübarizə hələ XVII əsrdə İngiltərədə başlamışdı və bu gün də davam etməkdədir. Prosesləri müşahidə edənlər, Microsoft və digər müasir dünya inhisarçılarına qarşı məhkəmə qərarlarından yaxşı xəbərdardırlar.
İqtisadi və siyasi hüquqlar eyni dərəcədə vacibdir
Biznes - elə bir daimi və çətin bir yarışdır ki, orada yaradıcılıq heç də zəhmətkeşlik, əzm və cəsarət kimi keyfiyyətlərdən az əhəmiyyət kəsb etmir. İncəsənət və biznesdə yaradıcılıq üçün azadlığın əhəmiyyətini hələ XVII əsrdə, dahi ingilis şairi Con Milton özünün parlamentdəki çıxışında ("Areopagitica" (1644)), ifadə etmişdi. O qeyd etmişdi ki, ifadə azadlığı təkcə nəhəng məhsul istehsalçıları üçün deyil, həm də öz istehsalını günbəgün təkmilləşdirən, yeni ixtiralar edib bazarda qalmaq və irəli addımlamaq istəyən sadə sənətkarlar üçün də vacibdir.
Bu gün inkişaf etmiş ölkələrdə iqtisadi sistem, nazirlər tərəfindən, vahid mərkəzdən, yaxud korporasiyanın rəhbəri tərəfindən deyil, bütün sənətkarlar, kiçik menecerlərin və biznesmenlərin iştirakı ilə idarə olunur, bu elementlər bir-biri ilə sinergetik, öz-özünü tənzimləyən, vahid iqtisadi orqanizmi təşkil edir. Məşhur Avstriya iqtisadçısı Fridrix Hayek özünün "Səpələnmiş bilik" konsepsiyasında hesab etdiyi kimi: belə orqanizmdə hansı addımları atmağın lazım olduğu ilə bağlı biliklər, istehsalı planlaşdıran hər hansı mərkəzdən daha çox olur. Elə bu konsepsiyadan fərdi, iqtisadi və intellektual azadlığın vacibliyi ortaya çıxır, sonuncunu isə ifadə azadlığı və digər siyasi azadlıqlar olmadan təsəvvür etmək mümkün deyil.
İqtisadi inkişaf üçün siyasi azadlığın zəruriliyini göstərən tarixi təcrübəyə gəldikdə isə, əlbəttə ki, feodal sistemin ləğv edilməsi ilə, bərabərlik, hər bir vətəndaş üçün siyasi və iqtisadi azadlıqların təmini ilə nəticələnən Böyük Fransa İnqilabının təcrübəsinə müraciət edilməlidir.
1789-cu ildə Fransanın Təsis Assambleyası, ölkənin bütün vətəndaşlarının qanun qarşısında bərabərliyini müəyyən edən "Feodal hüquqlarının və imtiyazlarının ləğv edilməsi haqqında" fərman verdi. Beləliklə, iqtisadi fəaliyyətin bütün siyasi maneələri məhv edilmiş və ölkədə bütün insanlar üçün bərabər rəqabət şəraitləri yaradılmışdır.
Bu fərmanın tarixi nəticəsi təkcə Fransa deyil, Napoleon işğal etdiyi Belçika, Hollandiya, İsveçrə, Almaniya və İtaliyanın inkişaf etmiş iqtisadiyyatıdır.
İdarə etmə qəlizləşir
Müasir uğurlu dövlət sistemi əvvəllər müşahidə olunmamış həddə mürəkkəbləşib. Hakimiyyət bölgüsünü həyata keçirmək üçün (yəni aparıcı institutların hər hansı birinin hakimiyyəti təkbaşına ələ keçirməsinin qarşısının alınması üçün), düzgün sazlanmış bir bazar sisteminə əlavə olaraq, bazarı tənzimləyən və mühafizə edən bu kimi demokratik qurumlar da mövcud olmalıdır:
- İcra hakimiyyətinə nəzarət edə bilən parlament;
- konstitusiyaya zidd olan qanunları ləğv edə bilən azad məhkəmə sistemi;
- hökumətin və parlamentin dövlət xəzinəsini müflis eləməyə imkan verməyən müstəqil Mərkəzi Bank;
- hökumət üzərində vətəndaş nəzarətini həyata keçirən azad mətbuat və qeyri hökümət təşkilatları;
və əlbəttə,
- bu institutların müstəqilliyini dəstəkləyən fəal vətəndaşlar.
Bəzən bütün bu institutların formalaşdırılması bizə qeyri-mümkün bir vəzifə kimi görünə bilər, amma bu sistemin alternativi yoxdur. Yuxarıda qeyd edildiyi kimi, bütün hüquqları pozan totalitar sistem və ya siyasi hüquqları pozan, lakin iqtisadi hüquqlara zəmanət verən avtoritar sistem, davamlı olaraq inkişaf edə bilməz və son nəticədə ölkənin dağılmasına gətirib çıxaracaq; belə sistem mürəkkəb daxili və xarici problemləri həll etməyə qadir deyil.
Əlbəttə ki, yüksək intellektə sahib, ideal dürüst bir avtoritar lider təsəvvür edə bilərik ki, (çoxları üçün Sinqapurun lideri Li Kuan Yu bunlardan biri idi), korrupsiya ilə əlaqəli yaxın dostlarını belə güllələməkdən çəkinməyəcək. Lakin, dünya tarixinə baxsaq, görərik ki, Li babadan başqa bütün diktatorlar adi "Allah bəndələri" idi və insana aid heç bir şey onlara yad deyildi.
Çin. Siyasi hüquqlar olmadan inkişaf.
Demək olmaz ki, avtoritar dövlətlərin rəhbərliyi öz ölkələrində inkişafı təmin etməyə çalışmırlar. Çünki ölkənin inkişafı onların rifahına da müsbət təsir edəcək. Ancaq bu inkişafın dramatik tərəfi ondan ibarətdir ki, avtoritar liderlərin şəxsi maraqları tezliklə ölkənin ümumi maraqları ilə toqquşacaq. Belə ki, avtoritar elitanın əsas marağı təkcə ümumi rifahın yüksəldilməsi deyil, həm də hakimiyyətin saxlanılmasıdır.
Ölkədə iqtisadi rəqabətin digər iştirakçılarına bərabər iqtisadi və siyasi hüquqların verilməsi "yadların" iqtisadi gücünün artmasına gətirib çıxara bilər, bu iqtisadi gücün isə sonradan siyasi gücə, daha sonra isə siyasi hakimiyyətə çevrilməsi çox asan məsələdir. Nəticədə avtoritar elitanın hakimiyyət üzərindəki inhisarının itirilməsi yalnız vaxt məsələsi olacaq. Öz hakimiyyətini qorumaq üçün avtoritar elita, qaçılmaz olaraq, rəqabəti öz xeyrinə məhdudlaşdırmağa başlayır, başqasının biznesini ələ keçirir, beləliklə də milli inkişafa maneə törədir.
Çilidə Pinoçet hökumətinin şüarı belə idi: "Özümüzkilərə - can qurban, başqalarına - qanun, düşmənlərimizə isə - ölüm!" Aydındır ki, "başqaları" hər zaman iqtisadi rəqabətdə "özümüzkilərə" uduzacaq, bu isə nəticədə vətəndaş qarşıdurmasına və bütün sistemin dağılmasına gətirib çıxara bilər.
Siyasi azadlıqların olmaması sabitliyi pozan digər bir amil də yaradır. Avtoritar sistemdə yuxarıdakılar nəzarətsiz hakimiyyət və zənginləşmək üçün geniş imkanlar əldə edir. Bu vəziyyət digər qrupların da belə hakimiyyət və zənginliyi əldə etmək üçün səy göstərməsinə təşviq edir. Beləliklə, sistemin sabitliyini sarsıdan hakimiyyət uğrunda daim mübarizə üçün bir stimul yaradılır.
Burada "azadlıq olmadan da inkişaf mümkündür" deyənlərin canfəşanlıqla təriflədikləri müasir Çinin təcrübəsinə toxunmadan keçə bilmərik. Hakimiyyətdə olan Çin Kommunist Partiyasının (ÇKP) başlıca vəzifəsi əhalinin rifahının harmonik olaraq yüksəldilməsi deyil, hakimiyyətin saxlanılmasıdır. "Xalqlar nədən tənəzzülə uğrayır" (Why Nations Fail) adlı məşhur araşdırmanın müəllifləri Daron Əcəmoğlu və Ceyms Robinson bir çinli şərhçidən sübut gətirir:
"Partiyanın siyasi islahat prosesində aparıcı rolunu qorumaq üçün, üç prinsipə riayət etmək lazımdır: silahlı qüvvələr üzərində partiya nəzarəti, kadr siyasəti üzərində partiya nəzarəti və xəbərlər üzərində partiya nəzarəti".
ÇKP bu gün də belə bir nəzarəti həyata keçirir. Məlum olduğu kimi, ölkə lideri Den Syaopin tərəfindən həyata keçirilən islahatların başlanğıcında (1978) ölkə iqtisadiyyatının liberallaşmasına və açıq cəmiyyətə doğru böyük addımlar atdı (Mao Zedun hakimiyyəti ilə müqayisədə). Lakin ümumiyyətlə, ölkədə hələ də birpartiyalı sistem mövcuddur və vətəndaşların siyasi hüquqları təmin olunmur. Bu gün də, hansı layihələrin dövlət imtiyazına sahib olacağı, biznesmenin kiminlə əməkdaşlıq edə biləcəyi və layihələr üçün haradan investisiya cəlb edə biləcəyi ÇKP-nın göstərişləri ilə təyin olunur.
Hökumətin xeyir-duası olmadan hər hansı bir işə başlamaq mümkün deyil. Amma biznesmen belə bir dövlət dəstəyi əldə etmişsə, o özü insanların hüquqlarını rahatca poza bilər: onların əmlakını əlindən ala, onları evlərindən çıxara və torpaqlarını ələ keçirə bilər. Belə vəziyyət bizə tanış deyilmi?.. Şüar "Özümüzkilərə - can qurban, başqalarına - qanun, düşmənlərimizə isə - ölüm!" - Çin reallığı da belədir...
"... Çində hər bir böyük dövlət şirkətinin rəhbərinin masasında qırmızı bir telefon var. Onunla, partiya rəhbərliyi əmrlər verir: şirkət nə etməlidir, hara investisiya yatırmalıdır və bu investisiyaların məqsədləri nə olmalıdır. Nəhəng korporasiyalar hələ də partiyanın nəzarəti altındadır, bu isə o deməkdir ki, partiya rəhbərləri öz istəyi ilə direktorları dəyişə, işdən azad edə, yaxud vəzifəcə yüksəldə bilərlər və buna görə heç bir izahat vermirlər". ("Xalqlar nədən tənəzzülə uğrayır")
İqtisadi inkişafdan sonra siyasi hüquqlar da avtomatik olaraq təmin olunacaqmı?
Azadlıq olmadan iqtisadi inkişafın mümkünlüyünü müdafiə edənlərin digər populyar bir arqumenti də odur ki, avtoritarizm demokratiya yolunda inkişafın yalnız müvəqqəti bir mərhələsidir. Sosiologiyada məşhur olan Lipset (1959) qanununa əsasən, avtoritar qaydada iqtisadi inkişafın təminindən sonra - rifahın və təhsil səviyyəsinin yüksəlişi ilə - demokratiya da avtomatik olaraq cəmiyyətdə bərqərar olur.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun keçmiş Sovet respublikalarına, o cümlədən də Azərbaycana maliyyə yardımı da elə bu prinsipə əsaslanmışdı. Bu yardım, əksər hallarda, "şərtsiz" yəni, hər hansı iqtisadi və siyasi islahat tələbi olmadan, sadəcə, "milli valyutanın dəstəklənməsi üçün" edilmişdi. Nəticədə bu yardım yeyildi, amma ölkə inkişafı üçün heç nə gətirmədi.
İnkişaf etmiş ölkə liderlərinin Lipset qanununa tez-tez istinad etməsini müşahidə etmək olar, bununla onlar diktatura rejimləri ilə ticarət və sair əməkdaşlıqlarını əsaslandırmağa cəhd edirlər: "Onlarla ticarət edəcəyik, onlar inkişaf edəcəklər və avtomatik olaraq demokratikləşəcəklər". Bu arqument nə qədər məntiqli görünsə də, tarixdə diktator rejimlərin inkişaf edib, sülh yolu ilə azad seçimlərə və müstəqil mətbuata keçməsinə nümunə tapa bilmirik. Öz beynəlxalq siyasətində Lipset qanununa əsaslanaraq ABŞ Prezidenti Riçard Nikson dövründən Çinlə aktiv ticarətə başladı, bu artıq demək olar ki, qırx ildir davam edir. Bu müddət ərzində Çin hiss olunacaq qədər inkişaf etdi, amma ölkədə insan hüquqları ilə bağlı yaxşılaşma görünmədi. Rifahın və əhalinin təhsil səviyyəsinin nisbi yüksəlməsinə baxmayaraq SSRİ-də demokratiyaya avtomatik keçid olmadı. Bu nəticələr, 1960-2005-ci illər ərzində, 105 yeni müstəqil ölkəyə münasibətdə Lipset qanunu öyrənən Q. Fayadın, R. Beytsin və A. Hofflerin (2012), əsərlərində öz təsdiqini tapdı. Resurslarla zəngin ərəb ölkələrində də, Afrikada da, Latın Amerikasında da neft qiymətlərinin hiss olunacaq qədər artmasına baxmayaraq demokratiyaya avtomatik keçid baş vermədi. Bu ona görə baş vermədi ki, Çinin, SSRİ-nin və "neft inkişafının" əsasında bazarın müxtəlifliyi - azad və bərabərhüquqlu rəqabətə, açıq cəmiyyətə və s. əsaslanmırdı, inkişaf avtoritar yolla gedirdi.
Burada yalnız avtoritar rejim üçün təhlükə törətməyənlərə inkişaf etmək icazəsi verilirdi. Buna görə də, vətəndaş hüquqlarının mövcud olması imkansız idi. Demokratiya elə ölkələrdə yarana bilər ki, avtoritar elita özü hakimiyyətdən imtina etsin, həqiqi liberal islahatlar aparmağa başlasın və ya böhran nəticəsində formalaşan müxalifət avtoritarizmin daşını yerindən tərpətsın.
Geriyə hərəkət
Biz bu vaxta qədər avtoritar rejimlə idarə olunan ölkələr və avtoritarizmdən çıxmış ölkələrlə bağlı vəziyyətə baxdıq. Tarixdə geriyə hərəkətlə bağlı nümunələr də vardır: mövcud demokratik institutlar dağılmağa başladıqdan sonra, ölkə demokratiyadan avtoritarizmə keçdi, daha sonra isə durğunluğa və süquta uğradı.
Belə nümunələrdən biri Roma respublikasının Roma imperiyasına çevrilməsidir. Burada (qismən) azad demokratik institutlar, azad vətəndaşların hamısının idarəetmədə iştirakını dəstəkləyən, ölkənin iqtisadi inkişafını təmin edən institutlar tədricən dağılmağa başladı. Yuli Sezarın qətlindən və ondan sonrakı vətəndaş müharibəsindən sonra Avqust bütün hakimiyyəti əlində topladı və cəmiyyəti idarəetməyə təsir etmək imkanında məhrum etdi. Mülkiyyət hüquqları daha əvvəlki kimi etibarlı müdafiə olunmadı, faktiki olaraq insanların qanun qarşısında bərabərliyi ləğv edildi. Ölkənin demokratik mirası dağıdıldı. Bunun nəticəsində bizim eranın 5-ci əsrində imperiya iqtisadi cəhətdən zəiflədi, daimi vətəndaş müharibələri ilə qarşı qarşıya qaldı, sonda barbarların hücumu nəticəsində dağıldı.
Belə nümunələrdən biri də Çar Rusiyasının nümunəsidir. 19-cu əsrin sonunda elitanın təmin etdiyi iqtisadi və vətəndaş azadlıqlarının verilməsi 1913-cü ildə hiss olunacaq dərəcədə istehsalın inkişafına səbəb oldu, (Rusiya istehsalın həcminə görə dünyada 4-cü yeri tutdu), bu həmçinin incəsənət və elmin parlaq inkişafına səbəb oldu. Amma bolşevik inqilabı iqtisadi və siyasi azadlıqları ləğv etdi. Bunun nəticəsində bütün Rusiya imperiyasının ərazisini xarabalıq, intellektual zülmət və mənəviyyatsızlıq bürüdü... bunlardan biz bu günə kimi qurtula bilmirik.
Və, əlbəttə ki, Hitler! O demokratik Veymar Respublikasında seçki yolu ilə hakimiyyətə gəldi, sonra qısa müddət ərzində hakimiyyəti ələ keçirdi. Xalqın coşqun dəstəyi ilə Hitler bütün demokratik haqları qadağan etdi, iqtisadiyyatı və bütün cəmiyyəti hərbiləşdirdi, rəqiblərini təqib etdi, yəhudiləri məhv etməyə başladı, məcburi əməyi aktiv olaraq tətbiq etdi.
Birinci mərhələdə onun bu siyasəti uğur gətirdi - işsizlik demək olar ki, yox oldu, əhaliyə yardım məqsədilə çoxlu sayda proqramlar həyata keçirildi, onun hərbi uğurları xalq tərəfindən həvəslə dəstəklənirdi. Amma ən son nəticədə ölkə tam iflasa uğradı və 13 milyon alman həyatını itirdi. Almaniya yerlə yeksan olmuşdu. Bu geriyə hərəkətin, insanların azadlıqdan, məsuliyyətdən, rəqabətdən imtina etməsinin cəzası idi.
Sinqapur. Sinqapur üzərində xüsusi dayanmaq lazımdır, bu fenomen avtoritar inkişaf tərəfdarlarının əsas arqumentlərindən biri hesab olunur. Sinqapur Respublikası cənub-şərqi Asiyada yerləşir (Malayziya və İndoneziya ilə həmsərhəddir), bu şəhər-dövlətidir, əhalisi 5 milyondur. 17-ci əsrdən bu şəhər fasiləsiz olaraq Hollandiyanın, Portuqaliyanın, Britaniyanın, Yaponiyanın və yenə də Britaniyanın əsarəti altında olmuşdur. Müstəmləkəçilər Sinqapuru regionda vacib ticari və strateji mərkəz olaraq yüksək qiymətləndirirdilər. 1965-ci ildə Sinqapur müstəqilliyini elan etdi. 1959-1990-cı illərdə, Li Kuan Yunun hakimiyyəti dövründə Sinqapur bir çox problemləri uğurla dəf etdi. Sinqapur inkişaf etmiş ölkəyə çevrildi, adam başına düşən gəlir $52 000 (dünyada 10-cu yer - 2016???). İndi hökumətə Li Kuan Yunun oğlu Li San Lun rəhbərlik edir. Sinqapur sıfırdan başlamağa məcbur oldu. Resursu olmayan kasıb ölkənin iki üstün cəhəti var idi: zəhmətsevər və üzüyola çin mənşəli əhali və ingilis mədəniyyətinin mirası. Li Kuan Yu özünü və öz hökumətini "ingilis təhsili almış burjuaziyaçı insanlar qrupu" adlandırdı. Ölkənin beynəlxalq təhlükəsizliyini şəhərə böyük strateji əhəmiyyət verən Qərb təmin edirdi.
Li Kuan Yu ölkədə modernləşmə proqramını həyata keçirməyə başladı. Bu proqramın çərçivəsində o Sinqapuru beynəlxalq ticari-sənaye mərkəzinə çevirə bildi. Qərb investisiyalarını cəlb etməklə, ölkəni böyük elektronika istehsalçısına çevirməyə, həmçinin sərt şəkildə korrupsiyanı aradan qaldırmağa nail oldu (bəzi yaxın adamları güllələməkdən belə çəkinmədi). Li qanunun aliliyinin təmin edilməsinə, hamının qanun qarşısında bərabərliyinə böyük əhəmiyyət verirdi, müşahidəçilərin söylədiklərinə görə o buna nail ola bildi.
Bizim üçün Linin korrupsiya ilə mübarizəsı xüsusi olaraq maraq kəsb edir. Bunun üçün
- dövlət aparatında qərar qəbulu asanlaşdırıldı;
- qanunlarda qeyri-müəyyənlik ləğv edildi;
- bir çox icazə və lisenziyalar ləğv edildi;
- hakimlərin maaşı kəskin şəkildə artdı, hakim vəzifələrinə ən yaxşı vəkillər cəlb edildi;
- dövlət məmurlarının maaşı şəxsi korporasiyaların rəhbərlərinin maaşına bərabərləşdirildi;
- mütəşəkkil cinayətkarlığın qarşısı sərt şəkildə alındı.
Bunların nəticəsində Sinqapur bu gün dünyanın ən az korrupsiyalaşmış ölkələrdən biri hesab olunur.
Sinqapur parlamentli respublikadır, siyasi sistemi və qanunvericiliyi Britaniyaya yaxındır. Sinqapurda mütəmadi olaraq ədalətli və şəffaf seçkilər keçirilir və bu seçkilərdə Li Kuan Yu tərəfindən qurulmuş hakim partiya olan "Xalq Hərəkatı Partiyası" dəyişməz olaraq parlamentdə əksər yerləri tutur. Buna görə də bəzi müşahidəçilər hesab edirlər ki, Sinqapur hələ də avtoritar birpartiyalı sistemdir. Bu tənqidlərə cavab olaraq partiya rəhbərləri bildirirlər ki, seçicilər partiyaya məcburən səs vermirlər, onlar partiyanın nailiyyətlərini görüb belə qərar verirlər.
Bir çox tədqiqatçının qeyd etdiyinə görə, Sinqapurun müvəffəqiyyətinin sirləri avtoritar sistemdə deyil, ancaq bu kimi unikal amillərlə bağlıdır:
- Konfutsiy mədəniyyətinə sahib zəhmətsevər Çin əhalisi;
- İngilis mədəni irsi (bütün məktəblərdə ingilis dili təhsil dili kimi məcburi oldu, universitetlər ingiliscə tədrisə keçdi). Hökumət tələbələrin xaricdə, əsasən, İngiltərə və ABŞ-da təhsil alması üçün böyük vəsait sərf edildi; - ticarət yollarının kəsişdiyi əlverişli coğrafi mövqe; - idarəetməni asanlaşdıran kiçik bir ərazi və yalnız 5 milyon nəfər əhali;
- Qərb ölkələri tərəfindən təmin olunan beynəlxalq təhlükəsizliklə bağlı problemlərin olmaması;
və nəhayət,
- sinqapurluların bəxti gətirdi ki, onların "neoliberal Stalin" kimi təsəvvür edə biləcəyimiz Li Kuan Yu kimi dürüst, savadlı, qərarlı və vətənpərvər bir lideri var idi.
Nəticə Bu məqalənin əsas məqsədi bizim cəmiyyətin və insanın inkişaf yolları ilə bağlı suallara cavab tapmaqdır. Məqalədə avtoritar rejimlərə qarşı tolerantlığın və yaxud ilk mərhələdə dövlətin inkişafı üçün insan hüquqlarının pozulmasının zəruriliyi ilə bağlı mülahizələrə baxmayaraq, ölkənin dayanıqlı inkişafını siyasi azadlıqsız mümkün olmaması göstərilmişdir.
Sözümüzün canı odur ki,
- iqtisadi azadlıqlar siyasi qarantiya olmadan, özbaşına uzun müddət davam edə bilməz;
- ədalətli rəqabət, qanun qarşısında bərabərlik siyasi institutların fəaliyyətinin nəticəsidir;
- iqtisadi və siyasi institutlar eyni vaxtda fəaliyyət göstərməlidir, onlar bir-birini dəstəkləməlidir, ancaq bu şərtlər sonda rifah halının stabil yüksəlməsinə gətirib çıxara bilər.
Orta statistik sovet adamının həyatın kəskin şəkildə artmış sürətinə dözə bilməməsi, hər gün artan informasiya axınına öyrəşə bilməməsi, təzə əmələ gəlmiş təhlükələrdən müdafiə oluna bilməməsi arqumentinə gəldikdə isə, burada, əminəm ki, sadəcə bir məsləhət verə bilər: müasir dövrün yüklərinə dözməyə çalışmaq lazımdır. Bizim nəyimiz 50 il öncə islahatlara başlayan sinqapurlulardan əskikdir? Əminəm ki, biz qarşımızda duran bu milli vəzifəni həyata keçirə bilərik.
Başqa yolumuz yoxdur...
Seymour Martin Lipset, The American Political Science Review, Vol. 53, No. 1 (Mar., 1959), pp. 69-105 Income and Democracy: Lipset's Law Revisited; by Ghada Fayad, Robert H. Bates, and Anke Hoeffler; IMF Working Paper 12/295; December 1, 2012