“Cümhuriyət ili”nə yamaq

“Cümhuriyət ili”nə yamaq
20 Yanvar 2018
Mətni dəyiş
Rövşən Hacıbəyli

İllərə ad qoymaq bir neçə ildir dəbə minib. Hər ilə bir ad qoyulur. Bu da onunla əsaslandırılır ki, ad qoyulan illər adlarına uyğun sahədə inkişafın zirvəsinə çatmalıdır. Ancaq hələlik bunun əksini görürük. Uşaq ilində uşaqlar arasında ölüm halı yüksək olub. Ekologiya ilində istər paytaxt Bakıda, istərsə də rayonlarda ağac soyqırımı davam edib. Turizm ilində ölkəyə gələn turistlərin sayında irəliləyiş olmayıb. İdman ilində elə də ciddi uğurlarımız gözə dəyməyib. “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin ardından ölkədə bu sahəyə məsul korrupsiyaya bulaşmış şəxslərin kütləvi həbsi aparılıb. Sənaye ilində, ümumiyyətlə, sənaye olmayıb. Kənd təsərrüfatı ilində bu sahədə ciddi geriləmə olub, təsərrüfatda çalışanlar cox böyük itki ilə üzləşib. Multikulturalizm ili başa çatandan sonra bu sahəyə məsul Kamal Abdulla yenidən rektorluğa qaytarılıb. İslam Həmrəyliyi ilindəsə İslam dövlətləri arasında çox qalmaqallar yaşanıb, bu il bəlkə də islam ölkələrinin ən həmrəy olmadıqları il kimi tarixə düşəcək.

Görünür, elə bu səbəbdən Azərbaycan hakimiyyəti islam “həmrəyliyi”ni davam etdirmək qərarına gəlib. Dünən prezident İlham Əliyev “...dünya ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanmış “İslam Həmrəyliyi İli” çərçivəsində tədbirlərin davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, İslam ölkələri ilə mədəni əlaqələrin daha da genişləndirilməsini təmin etmək məqsədilə qərara alaraq” sərəncam verib:

“İslam Həmrəyliyi İli”nin davamı kimi 2018-ci ildə keçiriləcək əlavə tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4,0 (dörd) milyon manat ayrılsın”.

Unikal sərəncamdır. Belə bir sərəncam indiyə qədər görünməyib. Yəni bundan qabaq ad verilən illərdə də qarşıya qoyulan məqsədə çatılmayıb. Ancaq yeni ilə yeni ad verildiyindən köhnənu unudublar. Axı təzə ad verilən ilin də qayğıları təzə olur, gərək vaxtını ona sərf edəsən. Görüntü yaradasan, çalışdığını, illə bağlı işlər gördüyünü toplumun gözünün qarşısından əskik etməyəsən.

Nə yazıq ki, Cümhuriyətimizin qurulmasının 100 illiyi də bu hakimiyyət dönəminə düşdü. Cümhuriyət dəyərlərindən uzaq olanların, imkan düşdükcə o dəyərlərə təpik atanların bu günü bayram etməsi taleyin ironiyasıdır. Taledən qaçmaq mümkün olmadığından bunlar məcbur olub 2018-ci ilə “Cümhuriyət ili” adı verdilər. Ancaq ad verdikləri iclasda belə cümhuriyyətçilərə, qurucu babalarımıza nifrətlərini gizlətmədilər.

Yaqub Mahmudov kimi hakimiyyət tarixçilər də çalınan havaya uyğun işə keçdilər. Hakimiyyətdəkilər də düşünüb-daşınıb “İslam Həmrəyliyi ili”ni davam etdirmək qərarına gəldilər. “Cümhuriyət ili” tək olmasın deyə düşünüblər, üstəlik, xalqın pulundan – büdcə vəsaitindən də 4 milyon manat Şeyxülislamın idarəsinə ayrılıb.

Ancaq sərəncamda anlaşılmayan bir məsələ var, “İslam Həmrəyliyi ili”nin davamı nə vaxtdan başlanır? Axı bütün il “Cümhuriyət ili” elan olunub. Onda gərək daha bir sərəncam verilsin, ilin bölgüsü aparılsın və “İslam Həmrəyliyi ili”nin davamının nə vaxtdan başlayıb bitdiyi, “Cümhuriyət ili”nin hansı aydan başladığı bəlli olsun. Əks halda xalqımız, elə bu illər işinə məsul olanlar da böyük əziyyət çəkməli olacaq. Sərəncamdan irəli gələn məsələləri həl etmək tapşırılmış Artur müəllim lap çaş-baş qalacaq. Allah dadımıza çatsın, baş nazirsiz ölkənin işi çətin olar...

Yaddaş üçün illərə verilən adları bir də xatırladaq:

2009 – uşaq ili

2010 – ekologiya ili

2011 – turizm ili

2012 – idman ili

2013 - “İnformasiya-kommunikasiya texnologiyaları ili”

2014 – sənaye ili

2015 – kənd təsərrüfatı ili

2016 – multikulturalizm ili

2017 – İslam Həmrəyliyi ili

2018 – Azərbaycan Xalq Cümhuriyyəti ili.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun