REAL Hərəkatının lideri İlqar Məmmədovun britaniyalı vəkili Ceremi Makbrayd Azərbaycanın dövlət orqanlarına müraciət edərək müttəhimlə görüşünə şərait yaradılmasını xahiş edib.
Vəkil Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) İ.Məmmədovun işilə əlaqədar onunla ya görüşünə, ya da skype vasitəsilə danışmasına imkan verilməsini xahiş edir.
Müraciət yanvarın 28-də Prezident Administrasiyası, XİN və Ədlyyə Nazirliyinə həm adi poçt, həm də e-mail ilə göndərilib.
Britaniyalı vəkil ötən ilin sonlarında İ.Məmmədovun müdafiəsinə qoşulub.
Xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2014-cü ildə 7 il azadlıqdan məhrum edilib.
2014-cü ildə AİHM bildirib ki, İ.Məmmədov sübut olmadan həbs edilib və həbsdə məqsəd hökuməti tənqid etdiyinə görə onu cəzalandırmaqdır.
Bakı AİHM-in qərarını icra etməkdən imtina etdikdən sonra AŞ Nazirlər Komitəsi Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə (AİHM qərarlarının mütləq icrası) uyğun olaraq Azərbaycana qarşı xüsusi prosedura başlayıb və məsələni baxılmaq üçün AİHM-in Böyük Palatasına çıxarıb.
Əgər Böyük Palata Azərbaycanı AİHM-in qərarını icra etməməkdə təqsirli bilərsə AŞ Nazirlər Komitəsi Azərbaycana qarşı sanksiya məsələsinə baxacaq.