Britaniya ordusu Rusiyadan geri qalır?

Britaniya ordusu Rusiyadan geri qalır?
22 Yanvar 2018
Mətni dəyiş

Britaniya Silahlı Qüvvələri əlavə investisiya olmadan Rusiyadan geri qala bilər, ordu başçısı deyib.

General Nick Carter-ə görə, Britaniya ordusunun təhlükələri cavablandırmaq qabiliyyəti "rəqibdən geri qalacağı" təqdirdə zəifləyə bilər.

Generalın bu nitqi Müdafiə naziri Gavin Williamson tərəfindən təsdiqlənib. Bəyanat orduda mümkün ixtisarlar barədə söz-söhbətin getdiyi dövrə təsadüf edib.

Bu xəbərdarlıq Rusiya ordusunun şimali Avropa boyu hücumu xatırladan hərəkətlər etməsindən sonra verilir.

Bazar ertəsi günü Londonun Kral Birləşmiş Müdafiə Tədqiqatları İnstitutunda edəcəyi çıxışında general Carter Rusiyanın kiberməkanda da savaş aparmaq kimi yeni açılmış imkanlarından bəhs edəcək.

Ötən il Rusiya ordusu irimiqyaslı hərbi təlim keçirərək, Avropanın şimalı boyu Kalininqraddan tutmuş Litvaya qədər hücum əməliyyatlarını məşq edib.

General Carter Rusiya ordusunun uzaqmənzilli raket potensialına da diqqəti çəkmək niyyətindədir.

Rusiya Suriyadakı münaqişəyə müdaxiləsi zamanı 1500 km məsafədən Suriyaya 26 raket buraxmışdı.

Generala görə, Rusiyanın yaratdığı ekspedisiya korpusu səviyyəsində bir güc yaratmaq üçün Britaniya hələ səylər göstərməlidir.

General Carter hesab edir ki, Britaniya üçün mümkün hərbi təhlükə "artıq Avropanın astanasındadır".

Ötən il Baş nazir Theresa May demişdi ki, Rusiya digər ölkələrə qarşı "ardıcıl olaraq kibermüharibə və təfriqə kampaniyası aparır".

Kral Hərbi Dəniz qüvvələrinin keçmiş kontr-admiralı Chris Parry isə deyib ki, Britaniya hərbiyyəsi Rusiyanın imkanlarından xeyli geridə qalıb.

"Dünya dəyişməkdədir. Rusiya və Çinin əldə etdiyi nailiyyətlərlə biz bu gün ayaqlaşa bilmirik", - Chris Parry BBC-yə bildirib.

Rusiyanın yeni Armata T-14 tankı
Rusiyanın yeni Armata T-14 tankı

Təhlil

Jonathan Beale, Müdafiə müxbiri

Reallıq budur ki, Britaniya, Rusiya kimi bir təhlükəylə heç bir zaman qarşıdurmaya getməz. Ona görə də, Britaniya Nato üzvüdür.

Lakin məsələ ondadır ki, hətta Nato üzvül olsa da, Britaniyanın silah arsenalı həqiqətən də getdikcə daha çox köhnəlir.

Rusiyada yeni Armata tankı istifadəyə verildiyi halda, Britaniya ordusunun Challenger 2 tankı 20 ildir ki təzələnmir.

İraq və Əfqanıstanda qiyamçılara qarşı kampaniyalara başı qarışan Britaniyanın hava hücumundan müdafiə sistemləri də Rusiya sistemləri ilə müqayisəedilməz dərəcədə köhnəlib.

Qərbdə təxribat yaratmaq üçün Rusiya və Çinin istifadə etdi kibermüharibə və dezinformasiya kampaniyaları da narahatedici amillərdəndir.

General Carter-in nitqi Britaniya ordusunda ixtisarların genişlənəcəyi planlarından qaynaqlanır.

Dekabr ayında Baş Hərbi Aviasiya marşalı Stuart Peach dənizin dibi ilə keçən kabellərin Kreml təhlükəsindən müdafiəsini Britaniya ordusunun prioritet məqsədi kimi müəyyən etmişdi.

Britaniya Silahlı Qüvvələrinin rəhbər dairələri ehtiyat edir ki, müdafiə sahəsi büdcəsinin təftişini keçirənlər kiberhücumlar və terrorçuluqla mübarizəyə sırf hərbi müdafiə məqsədləri üçün nəzərdə tutulan xərclərdən daha çox vəsait ayırmaq qərarına gələ bilər.

Hazırda Britaniyanın hərbi büdcəsi ÜDM-in 2 faizini təşkil edir, Britaniya parlamentinin bir sıra üzvləri höküməti bu rəqəmi 3 faizə qaldırmağa çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun