Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm sərnişindaşıma və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib.
Abzas.net xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidməti məlumat verib.
Məlumatda deyilir ki, görüşdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
Bildirilib ki, qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qanun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib. Bununla əlaqədar istehsalat bazalarında sürücülərlə müvafiq izahat işlərinin aparılması, sərnişinlərlə münasibətdə etik-davranış qaydalarına əməl edilməsi, həmçinin, nəqliyyat vasitəsinin təhlükəsiz idarəedilməsi ilə bağlı təlimatların verilməsi tapşırılıb.
Bir daha daşıyıcıların diqqətinə çatdırılıb ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından müvafiq qanunlarla müəyyən edilən tələblərə əməl etməyən daşıyıcılarla bağlı ciddi tədbirlər görüləcək.