Bakıda yaşayış binasında partlayış olub.
Məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində xəsarət alanlar oldub.
Baş vermiş partlayış zamanı dövlət qurumunun ofisi də daxil olmaqla bir sıra obyektlərə ziyan dəyib.
Hadisə nəticəsində Ədliyyə Nazirliyinin 41 saylı Notariat Kontoru, "28 Market" mağazası, "Zəka" kitab evi, "Oyal plus", "Ofisait", ofis və dəftərxana ləvazimatları mağazası, aptek və s. obyektlər ciddi zərər görüb.
Hadisə nəticəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas binasının şüşələri qırılıb.
Partlayış binanın üçüncü mərtəbəsinə də ziyan vurub. Binada yaşayış dördüncü mərtəbədən başladığından, sakinlər arasında xəsarət alan yoxdur. Əraziyə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Arif Əsgərov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gəlib.
Onlar əraziyə baxış keçiriblər.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.
O bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.
Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib.
Baş vermiş partlayış zamanı bir nəfər yanıq xəsarətləri alıb.
Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Mahmudovdur.