Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğundan Report-a verilən məlumata görə, yanvarın 6-da saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, “99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb.
Hadisə nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib və onların əksəriyyəti ilkin tibbi yardım alaraq evə buraxılıblar.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxlərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.