Yanvarın 29-da BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə hüquq-müdafiə təşkilatları – Sülh və Demokratiya İnstitutu, İnsan Hüquqları Naminə Beynəlxalq Tərəfdaşlıq və İşgəncələr Əleyhinə Beynəlxalq Təşkilatın birgə hesabatı göndərilib.
Hesabatda Azərbaycanda insan hüquqlarının, demokratik azadlıqların vəziyyətindən danışılır. Bu barədə Sülh və Demokratiya İnstitutunun məlumatında bildirilir.
Sənəddə siyasi məhbusların sayı göstərilib, çoxunun adı açıqlanıb, həbsin, məhkəmənin və hökmün siyasi motivli olduğu qeyd edilib. Həmçinin Nardaranda, Qobustan həbsxanasında işğəncə və qətllər, digər cəzaçəkmə yerlərində məhbusların ölüm faktları xatırladılır.
Hesabatda Ermənistanın xeyrinə casusluqda ittiham olunan şəxslərin ifşa edilməsi üzrə əməliyyat zamanı həlak olanların adları açıqlanır. Sənəddə həmin cinayətlərin araşdırılması tələb olunur.
Sənəddə vətəndaş cəmiyyəti institutlarına qarşı təqiblər, vətəndaşların peşəkar hüquqi müdafiədən məhrum edilməsi haqda məlumat əksini tapır, siyasi məhbusları müdafiə etdiyinə görə Vəkillər Kollegiyasından xaric edilən vəkillərin adları sadalanır.