"Alpinistlərin üzərində xüsusi cihazlar olsaydı, onları tapmaq asan olardı".
Quba rayonu ərazisində itkin düşən üç alpinistin axtarışlarına cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer bu gün, yanvarın 9-da jurnalistlərə açıqlamasında belə deyib.
APA-nın xəbərinə görə, o, axtarış-xilasetmə işlərinə cəlb edilənlərin itkin düşən üç alpinistin tapılmasından ötrü əllərindən gələni etdiklərini bildirib:
"Lakin təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir. Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər".
O, daha sonra təxminlərini səsləndirib:
"Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb".
A.Herrer vurğulayıb ki, alpinistlərin üzərində xüsusi cihazlar olmalı idi. "Həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı", - avstriyalı mütəxəssis qeyd edib.
Cihazların olmamasına görə kim məsuliyyət daşıyır?
Alpinistlərin gərəkli texniki qurğularla təmin edilməsini şərh edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə buna görə itkin düşmüş alpinistlərin klublarının məsuliyyət daşıdığını bildirib.
"İtkin düşən alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzvü olduqları klub məsuliyyət daşıyır. «Gilavar» idman klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Alpinistlərin itkin düşdüyü ərazi "Şahdağ" Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud bizim nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur", - nazir müavini bildirib.
F.Əliyev son 10 il ərzində 400-dən çox alpinistə dağa çıxmaqdan ötrü icazə verildiyini, bu baş verənlərin ilk bədbəxt hadisə olduğunu əlavə edib.
Nazir müavinin xüsusi cihazlarla bağlı açıqlamasına, hələlik, "Gilavar" idman klubunun rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Nazir müavini: "Axtarışlar alpinistlər tapılanadək davam edəcək"
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə axtarışların, hələlik, nəticəsiz olduğunu deyib. O vurğulayıb ki, itkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək. Nazir müavini deyib ki, axtarışlarda yalnız peşəkarlar iştirak etməlidir.
"İtkin düşən alpinistlər ən asan - B1 marşrutu üzrə hərəkət etməliydilər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib", - nazir müavini deyib.
Xatırlatma
"Gilavar" hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.
Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.
Ötən həftə hadisəylə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.