Avstriya mütəxəssisləri itkin düşən alpinistlərlə bağlı axtarışa qoşulub

Avstriya mütəxəssisləri itkin düşən alpinistlərlə bağlı axtarışa qoşulub
6 Yanvar 2018
Mətni dəyiş

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 5-də davam edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Abzas.net xəbər verir ki, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri də cəlb olunub.

Bildirilir ki, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olublar. Bu gün Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qərara alınıb ki, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrindən faydalanmaq nəzərdə tutulub.

Fövqəladə Hallar Nazirliyi ictimaiyyətə də səslənib. Nazirlik bildirir ki, onun fəaliyyəti, xüsusilə də baş vermiş hadisələrlə bağlı yalnız rəsmi, dəqiqləşdirilmiş məlumatlardan istifadə etməyi tövsiyyə edir.

Xatırlatma

"Giləvar" hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, alpinistlərin itkin düşmələri barədə məlumat onlara dekabrın 26-sı axşam daxil olub. Dekabrın 27-dən alpinistlərin axtarışına başlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun