Ağır qəza törətməkdə günahlandırılan polis rəisinin oğlunun məhkəməsi başlayıb

Ağır qəza törətməkdə günahlandırılan polis rəisinin oğlunun məhkəməsi başlayıb
5 Yanvar 2018
Mətni dəyiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Cavid Hüseynovun sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsə hüquqları izah edilib. İclasda zərərçəkmiş şəxslər də iştirak edib.

Məhkəmədə məlum olub ki, A.Rəhimovun atası Qalib Rəhimov da zərərçəkmiş kimi tanınıb. Belə ki, onun avtonəqliyyat vasitəsinə zərər dəydiyi üçün istintaq zamanı zərərçəkmiş elan olunub.

Q.Rəhimov da iclasda iştirak edib. İclasda tərəflər hər hansı vəsatətlə çıxış etməyiblər.

Dövlət ittihamçısı cinayət işinin məhkəməyə verilməsini təklif edib.

Müşavirədən sonra məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.

Xatırlatma

Ötən il sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə “Subaru” markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və  1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

A.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Qalib Rəhimovun oğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun