Birləşmiş Ştatlarda Donald Trump-ın prezidentliyindən bir il keçir və indi bu ölkə rəhbərliyinin dünyadakı imici iki sələfinkindən daha zəifdir.
134 ölkədə və ərazidə ABŞ rəhbərliyinə orta dəstək 30%-ə düşüb. Bunu “Gallup” yeni hesabatında üzə çıxarıb.
OBAMA-NI 48% DƏSTƏKLƏYİRDİ
“Gallup World Poll”un ötən ilin martından noyabrınadək keçirdiyi sorğulara görə, administrasiyaya dəstək 18 faiz azalıb. Prezident Barack Obama administrasiyasının sonuncu ilində ona dəstək 48% idi. Prezident George W. Bush administrasiyasının hakimiyyətinin sonuncu ilində isə ona dəstək 34% olub.
O da vurğulanır ki, dəstəyin belə azalması heç də yeni ABŞ administrasiyasıyla tanışlığın azlığıyla bağlı deyil. Belə ki, ötən il ABŞ rəhbərliyindən xəbəri olmayanlar 23% olub, Obama-nın prezidentliyinin son ilində bu, 25% idi.
Bu arada ABŞ rəhbərliyini bəyənməyənlərin sayı artıb, bəyənənlər azalıb. Hazırda administrasiyanı bəyənməyənlər 43%-dir ki, bu da ötən ildəkindən 15 faiz çoxdur. 43% həm də təkcə ABŞ deyil, Gallup-un son 10 ildə barəsində sorğu keçirdiyi istənilən böyük dövlət üçün yeni rekord sayılır.
134 ölkədən 65-də ABŞ rəhbərliyinə dəstək reytinqi əməlli düşüb. Bu sırada Birləşmiş Ştatların müttəfiqləri və tərəfdaşları da var. Ən böyük düşüşlər Portuqaliya, Belçika, Norveç və Kanadada qeydə alınıb. Bu ölkələrin hər birində ABŞ administrasiyasına dəstək 40 faiz, yaxud ondan da çox azalıb.
İSRAİLDƏ 67 FAİZ
Dörd ölkədə isə Birləşmiş Ştatlar rəhbərliyinə dəstək 10 faiz, yaxud ondan da çox artıb: Liberiyada 14, Makedoniyada 15, İsraildə 14, Belarusda 11 faiz. İsraillilərin 67 faizi ABŞ liderlərini bəyənir. Bu rəqəm israillilərin Bush administrasiyasına verdiyi dəstəklə müqayisə olunur. Onu da qeyd etmək lazımdır ki, İsraildəki müsahibələr Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından öncə keçirilib, amma o, elə prezident seçkisi kampaniyası zamanı bunu edəcəyinə vəd vermişdi.
Region üzrə isə ABŞ rəhbərliyinin reytinqi ən çox Amerikada enib. İndi burada dəstək reytinqi 25%-dir ki, bu da Obama administrasiyasına (49%) göstərilənin yarıya qədərinə bərabərdir.
Bu arada Almaniyanın dünyadakı stabil reytinqi (41%) onun Birləşmiş Ştatları birinci yerdən sıxışdırmasına səbəb olub. İndi ABŞ Çinlə (31%) ayaqlaşır və Rusiyadan (27%) azacıq populyardır.